Azərbaycanda ilk özəl pilot taxılçılıq təsərrüfatını yaratmış Qarabağ Taxıl MMC media nümayəndələrinə hesabat verib. Jurnalistləri Beyləqana press-tura dəvət edən şirkət onları təsərrüfatla tanış edib.
 
Media nümayəndələri əvvəlcə Qarabağ Taxıl-ın daxil olduğu Səba şirkəti haqqında filmi izlədilər. Daha sonra Qarabağ Taxıl-ın keçmiş icraçı direktoru, hazırda isə şirkətin törəmə müəssisəsi olan Qarabağ Toxum MMC-nin rəhbəri olan Rəcəb Orucov hesabatı təqdim etdi. Bildirdi ki, 2012-ci ildə Azərbaycanın dövlət başçısının Dövlət Torpaq Fondu hesabına iri taxılçılıq təsərrüfatları yaratmaq barədə tapşırığına əsasən təsis edilən, Ağcabədi və Beyləqan rayonlarında 4800 ha sahəni əhatə edən bu təsərrüfat ölkədə ilk özəl taxılçılıq təsərrüfatıdır.
 
"Biz çox şadıq ki, öz məhsuldar fəaliyyətimizlə iri taxılçılıq təsərrüfatları yaratmağın mümkün olduğunu nümayiş etdirdik” – deyən Rəcəb Orucov keçilmiş yola nəzər saldı. Uzun müddət baxımsız qalmış torpaqlarda dövlətin infrastruktur – yol, su kanalı, elektrik xətlərinin çəkilməsi ilə bağlı dəstəyindən ruhlanaraq, bu dünya standartlarına uyğun təsərrüfatı qurduqlarını bildirdi. Təsərrüfatda 64 ədəd müasir suvarma sistemi – pivot quraşdırılıb, 5 nasosxana tikilib, 5,5 milyon manat dəyərində 20 min ton tutumlu müasir taxıl anbarı, 6 min tonluq soyuducu anbar kompleksləri, saatda 100 ton qurutma gücünə malik quruducu qurğu alınıb. İcraçı direktor qeyd etdi ki, ötən dövrdə təsərrüfata 4,2 milyon dollar dəyərindən artıq 20-dək müxtəlif adda kənd təsərrüfatı texnikası alınıb. Bu müddətdə təsərrüfat istər kənd təsərrüfatı texnikaları seçimində, istər toxum alınmasında, istərsə də gübrə və pestisidlərin əldə edilməsində dünyanın ən qabaqcıl şirkətləri ilə əməkdaşlıq edib.  
 
"Böyük riskə girərək, pivotların qurulması ilə ilk əkinimizi parallel apardıq və əziyyətimiz yerdə qalmadı – 2012-ci ilin payızında əkdiyimiz taxıl 2013-cü ildə ölkə üzrə rekord məhsuldarlıq – hektara 55,6 sentner nümayiş etdirdi” – Qarabağ Taxıl nümayəndəsi dedi. Təsərrüfatın fəaliyyətə başladığı müddətin 3-cü ilindən mənfəətə keçdiyinə diqqət çəkdi. 

"Qarabağ Taxıl" ın öz istehsalı ilə Azərbaycanda idxal dövriyyəsini dəyişdirdiyini bildirən Rəcəb Orucov 2015-ci ildə  təsərrüfatın ümumi dəyəri 11 milyon manatdan artıq olan 60,5 min ton məhsul istehsal etdiyini vurğulayıb:
"Bu istehsalda 26 min tondan artıq qarğıdalı, 25 min tona yaxın silosluq qarğıdalı, 6 min tondan artıq buğda, 3 min tona yaxın saman, 690 ton arpa, min tona yaxın soya məhsulunun payı var. 2016-cı ildə məhsuldarlıq proqnozu 26 min ton qarğıdalı, 600 tondan artıq buğda, 700 tona yaxın arpadır. Soya da daxil olmaqla, 33 min tona yaxın məhsul 13 milyon manatadək vəsaitin ölkədə qalmasına xidmət edəcək.

2015-ci ildə yaradılan "Qarabağ Toxum" da məhsuldarlıq göstəricisinə öz töhfəsini verir və bu il 6 min ton taxıl, 2 min ton saman və 30 min tondan artıq silosluq qarğıdalı əldə ediləcək". 

Hesabatda o da vurğulanıb ki, növbəli əkin dövriyyəsi ilə fəaliyyət göstərən "Qarabağ Taxıl" bu il qiymətli strateji bitki olan soyanı Azərbaycanda geniş sahədə becərməklə bir ilkə imza atıb. 2013-cü ildə 1ha, 2014-cü ildə 50 ha, 2015-də 500 ha sahədə becərməklə eksperiment aparan "Qarabağ Taxıl" 2016-cı ildə 1600 ha sahədə soya becərib. Təsərrüfat 5 min ton məhsul gözləyir ki, bunun da bazar dəyəri 5 milyon manatadəkdir. 
 
Jurnalistlərə soya bitkisi haqqında geniş məlumat verən təsərrüfat rəhbəri quşçuluq və heyvandarlıq sahələrinin əsas yemi olan bu bitkini Azərbaycanda becərməklə, ölkəni idxaldan azad etmənin tamamilə mümkün olduğunu qeyd etdi. "Buna Azərbaycan torpağının münbitliyi və bol günəşli iqlimi imkan verir” – deyən Rəcəb Orucov Qarabağ Taxıl-ın builki məhsuldarlığının dünyada mövcud yüksək məhsuldarlığa yaxın olduğunu diqqətə çatdırdı.
 
Media nümayəndələri qarğıdalı tarlasında biçin prosesini izləyib, soya sahəsində Azərbaycanda ilk dəfə olaraq belə geniş becərilən bu qiymətli bitki ilə tanış olublar. Jurnalistlər təsərrüfatın texnoparkındakı texnikaya, pivot və nasosxanalara da baxıblar.
 
Media nümayəndələri Qarabağ Taxıl şirkətinə istehsal prosesini izah etdiyi üçün təşəkkür edir.
 
BAKU.WS