SİZİN REKLAM BURADA!
055 213 76 73


Hazırda pandemiya dövrü olsa da əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatı yüksəkdir. Belə olan halda onların qiymətində artımın müşahidə edilməsi qaçılmazdır.

BAKU.WS xəbər verir ki, bu artıma idxal, ixrac kimi məsələlər də təsir edir. Ölkədən ixrac edilən məhsullara tələbat artdıqca qiymət bahalaşır, bu bahalaşma daxilə də təsir edir.

Nəticədə məhsulun qiyməti artır. Lakin bu il qış aylarında pomidorun qiymətində ucuzlaşma müşahidə edildi. Amma hazırda mövsümi meyvə və tərəvəzlərin qiymətində bahalaşma var.

Alıcılara təqdim edilən kənd təsərrüfatı məhsullarında bolluq müşahidə edilir, lakin qiymətlərdəki artım insanları narahat edir.

Bazara nəzər salsaq, alıcıların ən çox üstünlük verdiyi mövsümi meyvələr arasında alça və çiyələk də var. Hazırda alçanın qiyməti 3-3.50 AZN arasındadır. Lakin bir müddət əvvəl qiyməti bundan 5-6 dəfə baha idi.

Çiyələyin qiyməti isə ucuzlaşmağa doğru gedir. Lakin badımcan, lobya kimi mövsümi tərəvəzlərin qiyməti olduqca bahadır.

Bazarda bu məhsulların 1 kiloqramı alıcılara 3-3.50 AZN-ə təklif edilir. Pomidor və xiyarın qiymətində isə ötən ayla müqayisədə azalma var.

Əgər keçən ay pomidor 3 manata satılırdısa, indi 2-1,50 AZN-ə almaq olar. Xiyarın qiyməti isə hardasa 50 faiz ucuzlaşıb.

Ekspertlər isə mövsümi məhsulların bahalaşmasına birmənalı yanaşmır. Onların sözlərinə görə, qiymət artımı bazar iqtisadiyyatına uyğun cərəyan edir.

Lakin bəzi məqamlarda süni qiymət artımı da müşahidə olunur. Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Elmir Səfərli mövsümi məhsulların qiymət artımının səbəbini belə izah edir:

“Bahalaşmaya bir çox səbəblər var. Bunlardan biri süni qiymət artımıdır. Təbii ki, məhsulun qiyməti ona çəkilən xərcdən də asılıdır.

Çünki meyvə və tərəvəzlər üçün istifadə edilən müəyyən gübrələr, dərmanlar var ki, onlar xaricdən gətirilir və qiyməti olduqca bahadır.

Benzinin bahalaşması ilə əlaqədər nəqliyyat daşımalarının da qiyməti artıb. Bütün bunlar məhsulun qiymət artımına səbəb olur.

Fermer ya da istehsalçının məhsuluna qoyduğu maya dəyəri artdığı üçün o da qiyməti artırır. Lakin bəziləri qiyməti süni olaraq artırır. Bu da insanlarda haqlı narazılıq yaradır.

Digər bir iqtisadçı-ekspert Elman Sadıqov BAKU.WS-ə müsahibəsində bahalaşmanın səbəbini ölkədaxili məhsul istehsalının az olması, eyni zamanda son bir neçə il ərzində kənd təsərrüfatı ilə məşğul olan şəxslərin sayının azalması ilə əlaqləndirir:

“Bu, ölkədaxili məhsulun az olması ilə əlaqədardır. Biz onların bəzilərini də idxal edirik.

Məsələn, hələ bazarlarda satışı tam reallaşmayan gilasın qiyməti mövsüm sonuna qədər yüksək olacaq.

Buna səbəb şaxta və küləyin əks təsiri nəticəsində bar gətirən ağaclarda məhsuldarlığın aşağı olmasıdır. Buna görə də bu il ölkədə gilasla bağlı bolluq yaşanmayacaq.

Bu da öz növbəsində qiymətə təsir edəcək və gilas baha olacaq. Bostan məhsullarının qiymətinin artması isə ölkədə bu təsərrüfatla məşğul olanların sayının azalması ilə bağlıdır.

İki il əvvəllə müqayisə etsək, bu sahədə çalışanların sayında xeyli azalma görə bilərik. Bu da həmin məhsulların qiymətinin artmasına səbəb olur”.

Ekspert Elmir Səfərli bahalaşmanın bu cür davam etməyəcəyini, yaxın zamanda sözügedən məhsulların qiymətində ucuzlaşma olacağını deyib:

“İnanıram ki, bunlara qarşı müəyyən qaydalar tətbiq ediləcək. Məsələn, əvvəlki aylarda bəzi məhsulların qiymətində daha böyük artımlar var idi.

İndi isə onların bəzilərinin qiyməti düşüb. Hazırda baha olan məsulların da qiyməti bir müddət sonra ucuzlaşacaq”.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən BAKU.WS-ə bildirilib ki, ölkədə süni qiymət artımının qarşısının alınması istiqamətində işlər aparılır.

Lakin bəzi məhsullar var ki, dövlət tərəfindən qiyməti tənzimlənir. Digər kənd təsərrüfatı məhsullarının bahalaşmasına qarşı isə birbaşa müdaxilə edilmir.

Bazarda tələb-təklifin tənzimlənməsi sahəsində də dövlət tərəfindən müəyyən işlər aparılır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən BAKU.WS-ə bildirilib.

Qeyd edilib ki, qurumun əsas məqsədi ölkədə məhsuldarlığın artırılmasıdır.

“İstər subsidiyalar, istər təlimlər nəticəsində biz bunları təmin etməyə çalışırıq. Bunun da nəticələrini görürük. Bazarlarda meyvə və tərəvəz bolluğu müşahidə olunur.

Burada, təbii ki, dövlət dəstəyinin genişləndirilməsinin də rolu var. Hazırda biz insanları torpağa qaytar bilmişik. 10-15 il əvvəllə müqayisədə insanlar indi torpaq əkib-becərməyə təşəbbüs edirlər. Yəni bunun bir səbəbi də onun gördüyü işdən müəyyən qədər gəlir əldə etməsidir”, - deyə qurumdan bildirilib.

BAKU.WS