SİZİN REKLAM BURADA!
055 213 76 73


Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdam və bu kimi tamamilə dağıdılmış rayonlarda elektrik enerji sisteminin sıfırdan yaradılması, o cümlədən işğaldan azad olunan və olunacaq digər ərazilərdə enerji sisteminin yenidən qurulması üçün “Azərenerji” ASC bir sıra vəzifələr üzrə kadr ehtiyatının yaradılması məqsədi ilə müsabiqə elan edib.

BAKU.WS xəbər verir ki, bu barədə “report”a “Azərenerji”nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev məlumat verib.

Onun sözlərinə görə, müxtəlif elektrik stansiya və yarımstansiyalarında çalışmaq üçün ixtisaslı kadrlara ehtiyac var. Belə ki, hazırda “Azərenerji” 330/220/110 və 110/35/10 kV-luq yarımstansiyalar üzrə növbətçi mühəndislər, istismar üzrə mühəndislər, növbətçi elektrik montyorlarına, su elektrik stansiyaları üzrə hidromexaniklər, hidrotexniklər, elektriklərə, mühərrik və generator avadanlıqlarına xidmət edən mütəxəssislərə ehtiyac duyur.

Həmçinin elektrik maşın, aparat və cihazların sazlayıcısına, elektrik stansiyalarının ölçü cihazlarına və avtomatikasına xidmət edən mütəxəssislərə, rele mühafizəsi və avtomatika üzrə mühəndislərə, nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndislərə, izolyasiya və ifrat gərginlikdən mühafizə üzrə mühəndislərə və quraşdırma və sazlama üzrə usta, çilingər, tornaçılara da ehtiyac var.

“Azərenerji”nin əməkdaşı olmaq istəyən şəxslər elektroenergetika mühəndisliyi, elektrik mühəndisliyi və istilik energetikası üzrə ali texniki təhsil (bakalavr və ya magistr pilləsi), orta-ixtisas təhsili və ya peşə ixtisasına (vəzifədən asılı olaraq), vəzifəyə görə 6 aydan 5 ilədək iş təcrübəsinə (iş stajı), istilik energetikası və elektroenergetika üzrə nəzəri və praktik (təcrübi) biliklərə, avtomatika, nəzarət ölçü cihazları və elektron cihazlar üzrə biliklərə, kompüter biliyinə (MS Office) və məhsuldar işləmək bacarığı, islahat və yeniliklərə meyillilik, komandada işləmək qabiliyyəti olmalıdır.

Müraciət edən namizədlərin bilik səviyyələri "Azərenerji" üzrə yaradılmış Mərkəzi Müsahibə Komissiyası tərəfindən yoxlanıldıqdan sonra müsahibədən keçmiş namizədlər kadr ehtiyatı bankına daxil ediləcək və işlə təmin olunacaqlar. Eyni zamanda namizədlər Komissiyanın rəyi əsasında təlim tədris kurslarına cəlb oluna bilərlər.

Sənədlər həftə içi 5 gün saat 09:00-dan 18:00-a qədər "Azərenerji"nin Kadrlar şöbəsinə təqdim oluna bilər. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Akademik Əbdülkərim Əlizadə küçəsi.

Müsabiqədə iştirak etmək istəyənlər (012) 490-09-43 nömrəli telefona zəng edə və yaxud CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

BAKU.WS