SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan təbii qazını Avropaya nəql edəcək Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) inşası üçün beynəlxalq maliyyə təşkilatları və banklardan cəlb etdiyi kreditlərin qaytarılmasına başlayıb.

BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında TAP konsorsiumunun Direktorlar Şurasının sədri Murad Heydərov bildirib.

Onun sözlərinə görə, müqavilənin şərtlərinə əsasən, kredit borcunun ödənilməsinə boru kəmərinin istismara başlandığı andan start verilib.

O qeyd edib ki, artıq noyabrın 15-də ilk kredit ödənişi həyata keçirilib.

Xatırladaq ki, bu layihə çərçivəsində üçüncü tərəfə ödənilmək şərtilə 16,5 il müddətinə kredit, habelə maliyyə inkişaf təsisatları (DFİ) və ixracat-kredit agentliklərin (ECA) dəstəyi ilə kommersiya borcu şəklində 3 mlrd 765 mln avro məbləğində vəsait cəlb edilib.

Həmçinin Avropa İttifaqının zəmanətilə, Avropa Strateji Sərmayələr Fondu (EFSI) xəttilə Avropa İnvestisiya Bankı (EIB) birbaşa 700 milyon avroluq kredit verib.

EBRD-nin kredit xətti isə iki hissədən ibarətdir. Birinci hissə EBRD tərəfindən birbaşa ayrılmış 500 milyon avro məbləğində olan kreditdən ibarətdir, ikinci hissə çərçivəsində isə eyni məbləğdə vəsait kommersiya bankları tərəfindən verilib.

İxracat-kredit agentliklərin zəmanətilə "Bpifrance" tərəfindən verilən kreditin həcmi 450 milyon avro, "Euler Hermes" tərəfindən - 280 milyon avro, "SAGE" tərəfindən isə - 700 milyon avro təşkil edib.

ECA-ların zəmanəti və ya çoxtərəfli iştirak olmadan kommersiya bankları birbaşa 635 milyon avroluq müddətli borc veriblər.

Qeyd edək ki, Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans-Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq. 2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Onun təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilib. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.

BAKU.WS