SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Qətərin paytaxtı Doha şəhərinin əl-Vakra rayonunda dövlət çevrilişinə cəhdlə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

BAKU.WS xəbər verir ki, Qətər əmirinə yaxın dövlət və ictimai şəxslər əslində paytaxtda heç bir hadisənin olmadığını və olayın məqsədli şəkildə dünyaya yayıldığını bildiriblər.

Qətər ictimaiyyəti ölkədə dırnaqarası çevrilişə cəhdin əslində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi sosial mediada "elektron milçəklər" kimi tanınan troll ordusu tərəfindən təşkil edildiyini açıqlayıb.

Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Saninin qardaşı Cuan bin Həməd əl-Sani sosial media hesabında əmirin fotosunu paylaşaraq, "Qətər səninlədir" mesajını verib.

"Səudiyyə rəhbərliyinin "elektron milçəklər"ə güvənməsi təəccüblü deyil. Biz ağır borclardan əziyyət çəkən, böyük daxili və xarici problemlərlə üzləşən ümidsiz bir rejimi görürük", - deyə Qətərdə fəaliyyət göstərən "Əl-Vətən" qəzetinin baş redaktoru Fəhd əl-İmadi bildirib.

"Əş-Şərq" qəzetinin baş redaktoru Sadiq əl-Amari isə sosial mediada əsassız iddialara cavabdeh olan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı göstərib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəstəklədiyi sosial mediada "elektron milçəklər" kimi tanınan saxta "Twitter" hesabları "Qətərdə çevriliş" və "Əl-Vakrada silah səsləri" başlığı ilə saxta məlumatlar paylaşıblar.

Paylaşımlarda Qətərin cənub-şərqindəki Əl-Vakra bölgəsində silahlı qarşıdurmaların getdiyi iddia edilib. Əl-Vakra bölgəsindən bəhs olunan bəzi videolara isə silah səsləri montajla əlavə olunaraq Qətərdə vəziyyətin qarışması barədə təəssürat yaradılıb.

Orxan Hüseyn
BAKU.WS