VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ermənistan parlamentində təmsil olunan “Daşnaksutyun” və Respublikaçılar partiyalarının son bəyanatları bu ölkənin siyasi kataklizmlər mərhələsinə qədəm qoyduğunu göstərir.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, “Daşnaksutyun” partiyası ölkədə siyasi gərginliyin artmasından narahat olduğunu bəyan edib. Partiyanın parlament fraksiyasının rəhbəri Armen Rustamyan bildirib ki, sabiq prezident Robert Koçaryana və ətrafına qarşı məhkəmə prosesləri ədalətli aparılmalıdır. Onun sözlərinə görə, əks halda, “qərəzli məhkəmələr normaya çevrilə bilər və bu da öz növbəsində, ziddiyyətlərin daha da artdığı cəmiyyətin yaranmasına gətirib çıxaracaq”.

Rustamyan əlavə edib ki, öz ölkəsində düşmən axtarmaq lazım deyil və sabiq prezidentlərin siyasi səhnədə yerini qorumaq hüquqları var. Fraksiya rəhbəri sabiq dövlət başçısı Levon Ter-Petrosyanı onillik sükutunu pozmağa və fəal siyasətə qayıtmağa çağırıb.

Respublikaçılar Partiyasının parlamenti fraksiyası da baş nazir Nikol Paşinyanın əleyhinə bəyanatlar səsləndirməkdə davam edir. Bu partiyanın təmsilçisi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, əvvəlki hökuməti “hakimiyyət hərisliyində” təqsirləndirən yeni baş nazir bütün vasitələrdən istifadə edərək öz postunu qorumağa can atır. Onun sözlərinə görə, Paşinyan məhz bu məqsədlə Konstitusiyaya dəyişikliklər etməyi tələb edir. “Konstitusiyada baş nazirin istefaya getməsi ilə eyni vaxtda parlamentin buraxılması maddəsinin təsbit edilməsi Əsas Qanunun məntiqinə və parlamentin icra hakimiyyəti üzərində nəzarəti prinsipinə ziddir. Mən və partiyamızın üzvləri bunun əleyhinəyik”, -deyə Şarmazanov vurğulayıb.

Ermənistan parlamentində təmsil olunan partiyalar növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında baş nazirin təklifinə qarşı çıxıblar. Onlar hesab edirlər ki, hazırkı siyasi vəziyyətdə ictimai əhval-ruhiyyə istənilən an kəskin şəkildə dəyişə bilər. Şarmazanovun fikrincə, belə olarsa, hər altı ayda bir növbədənkənar seçkilər keçirmək lazım gələcək.

Xatırladaq ki, Ermənistanda Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı siyasi partiyalar arasında danışıqlar aparılır. Yeni hökumət bu addımı növbədənkənar seçkilər keçirmək məqsədilə atır.

BAKU.WS