SİZİN REKLAM BURADA!
055 213 76 73


1962-ci il iyunun 12-də ABŞ-nin San-Fransisko sahillərindəki Alkatraz həbsxanasından üç məhbus qaçıb və bir daha görülməyib. Frank Lee Morris ilə Con Enclin və Klarens Enclin qardaşlarının başına gələnlər sirr olaraq qalır. Onların ABŞ-dəki ən çox mühafizə olunan həbsxanadan cəsarətlə qaçmaq bacarığı və qətiyyəti eşidənləri mat qoyur.

BAKU.WS xəbər verir ki, bu qaçışdan iki il sonra BBC həmin əraziyə yollandı. 1964-cü ilin mayında "BBC"nin "Panorama" proqramının aparıcısı Maykl Şarlton "Qaya" adı verilən bu həbsxanaya gəldi.

Bura ABŞ-nin ən təhlükəli cinayətkarlarının evi sayılırdı. Buranı aşılmaz qala hesab edirdilər. Lakin 1962-ci il iyunun 12-si səhər saatlarında üç adam mümkünsüz hesab edilən şeyi bacardı və həbsxanadan qaçdı.

Alkatraz adası əvvəlcə San Francisko körfəzinin girişini qorumaq üçün dəniz müdafiə qalası kimi istifadə edilmişdir.

ABŞ-nin Vətəndaş Müharibəsi zamanı ada təcrid olunmuşdu və məhbuslar burada saxlanılırdı.

20-ci əsrin əvvəllərində hərbi həbsxana kimi qurulub. 1930-cu illərdə ABŞ-də yayılmış mütəşəkkil cinayətkarlıqla mübarizə aparmağa çalışarkən Ədliyyə Nazirliyi bu yeri ələ keçirib. Tezliklə federal həbsxana sistemindən ən qorxulu məhbuslar gəlməyə başlayıb.

Məşhur məhbuslar arasında qanqasterlər Al Kapone, Miki Koen və Corc "Scanner" Kelli, həmçinin "Alkatrazın quş adamı" kimi tanınan qatil Robert Stroud da var idi.

Maykl Şarltonun sözlərinə görə, bu məhbuslar adi həbsxanada saxlanılmayacaq dərəcədə təhlükəli və problemli adamlar idi.

"BBC" adaya getməzdən 4 il əvvəl üç məhkumdan biri Frank Lii Morris həmin həbsxanaya gəlib. O 11 yaşında ata və anasız qalıb. 13 yaşında Həbs cəzası verilən Morris ömrünün müxtəlif dövrlərini bir çox cəzaçəkmə müəssisələrində keçirib.

Ağıllı zəkası ilə fərqlənən Morrisin narkotik ticarətindən tutmuş, silah soyğunçuluğuna qədər böyük cinayət keçmişi var idi.

O, 1960-cı ilin yanvarında Luiziana ştatının cəzaçəkmə müəssisəsindən qaçdıqdan sonra Alkatraza göndərilib. Buraya gələndə qaçmaq üçün bir yol düşünməyə başladı. Onun qaldığı kameranın yanında bank soyan oğrular Con Enclin və Klarens Enclin qardaşları var idi.

Qardaşlar da öz kameralarında 1957-ci ildən Alkatrazda məhkum olan Ellen Uestlə qalırdılar. Əvvəllər birlikdə qaldıqları həbsxanalardan bir-birlərini tanıyan bu məhbuslar bitişik kameralarda qaldıqları üçün gecələr bir-birləri ilə danışa bilirdilər.

"BBC"nin əməkdaşı Şarlton, həbsxananı bağlanmasından bir il sonra ərazini ziyarət edərkən, həbsxananın qəddar mühafizəçilərindən, sərt şərtlərdən və məhbusların dözməli olduqları şiddətli dəniz küləklərindən xəbərdar idi.

Məhbusların qaçış planı

Morrisin rəhbərliyi altında dörd məhbus qaçmaq üçün mükəmməl bir plan hazırladı. Bir neçə ay ərzində məhbuslar kameradakı su kranının altındakı vintilyasiya sisteminin ətrafındakı betonu parçaladılar. Bu onlar üçün bu o qədər də çətin deyildi.

Onlar yeməkxanadan oğurlanmış metal qaşıqlardan, tozsoran mühərrikindən hazırlanmış buruqdan və atılmış mişar bıçaqlarından istifadə edərək tunellər qazdılar. Səs-küyün qarşısını almaq üçün isə Morris məhbuslara gündəlik musiqi saatında akkordeon çalırdı.

Onlar tunelləri çoxaldıb başqa kameralara çıxdılar. Nəhayət, 1962-ci il iyunun 11-i gecəsi onlar dahi planlarını həyata keçirdilər.

Morris və Enclin qardaşları həbsxana nəzarətçilərini aldatmaq üçün kukla başlarını yataqlarında saxlayaraq kamera divarlarındakı çuxurlardan sürünürdülər.

Vaxtında kameradan çıxa bilməyən Uestin qaçmasının qarşısı alınıb, digərləri isə onsuz gediblər.

Üç məhbus həbsxana binasının damına çıxıb, gözətçi qülləsinin gözü qarşısında qaçıb, 12 fut hündürlüyündə iki tikanlı məftil çəpəri aşıb. Adanın şimal-şərq sahilinə doğru gediblər. Onlar qayıqlarını suyun kənarında şişirtdilər və gecə qaranlığında itkin düşdülər.

Növbəti səhər kukla başları tapılana qədər heç bir xəbərdarlıq verilmədi.

Onların cəsədi belə tapılmadı

İyunun 14-də məhbuslara aid kürək və qayıq qalıqları aşkarlandı. Lakin onlar tapılmadı. Məhkumlar həbsxanadan qaçsalar da, rəsmilər adanı tərk etməyə çalışarkən təhlükəli sularda öldükləri qənaətinə gəldilər.

"BBC"nin 1964-cü ildə verdiyi müsahibədə həbsxana müdiri Richard Uillard belə bir fikir söylədi: "Bildiyimizə görə, bu gün küçələrdə Alkatrazdan qaçdığını iddia edən heç kim yoxdur. Nədən bu qədər əminəm? Küləyi eşidirsiniz, elə deyilmi? Suyu görmüsünüz? Sizcə bu mümkün ola bilərmi?".

Alkatraz həbsxanası 1963-cü ildə, üç məhbusun qaçmasından bir il sonra bağlanıb. Bunun səbəbi qismən pozulmuş idarəetmə sistemi və çoxalan xərclər idi, lakin həbsxananın sərt rejimi də uzun müddət müzakirə mövzusu oldu.

Hələ 1939-cu ildə ABŞ Baş Prokuroru Frank Murfi bu binanın bağlanmasını istəyirdi.

İllər keçdikcə məhbuslar qəddar şərtlərə dözə bilmədikləri üçün özlərini öldürdülər və ya əlil oldular.

1960-cı illərdə ABŞ məhbusları cəzalandırmaq əvəzinə onları reabilitasiyaya yönəldi.

Üç məhbusa gəlincə isə onlar 1979-cu ildə qanuni olaraq ölü elan edildilər. Baxmayaraq ki, körfəzdə heç bir cəsəd tapılmadı.

Daha sonra Federal Təhqiqat Bürosu (FBI) bu işi bağladı.

BAKU.WS