Paris regionunda iğtişaşlar zamanı 20 avtobus yandırılıb

Paris regionunda iğtişaşlar zamanı 20 avtobus yandırılıb
Siyasət 28

17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra Fransada başlayan iğtişaşlar fonunda cümə günü Paris regionunda ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə RMC radiostansiyasına müsahibəsində Fransanın nəqliyyatdan məsul nazir-deleqatı Kleman Bin məlumat verib.

O, bunun səbəbinin ötən gecə ərzində 20 avtobusun yandırılması olduğunu bildirib: “Gün ərzində avtobus və tramvayların hərəkəti əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq”.

K.Bin qeyd edib ki, ötən gün saat 21:00-dan sonra Paris regionunda quru nəqliyyatının hərəkəti dayandırılıb: “Doğrudur, hərəkət bərpa olunur, lakin məhdud miqyasda”.

Qeyd edək ki, iyunun 27-də Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisənin sosial mediada yayımlanan görüntülərinə əsasən, yeniyetmə polis zorakılığının qurbanı olub. Yayılan videoda polisin “İndi başından vuracağam” ifadəsi də aydın eşidilir.

Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.

Yeniyetməni güllələməkdə təqsirli bilinən polis əməkdaşı saxlanılıb.

Bu, 2023-cü ildə Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir. Hadisənin irqi zəmində baş verdiyi istisna edilmir.

Ötən il isə eyni hadisə səbəbindən 13 nəfər öldürülüb.

Son xəbərlər