Yaşlılarda texnologiya istifadəsi demans riskini azalda bilər

Yaşlılarda texnologiya istifadəsi demans riskini azalda bilər
Digər 21

Yaşlılarda texnologiya istifadəsi demans riskini azalda bilər.

BAKU.WS xəbər verir ki, ABŞ-nin Texas ştatında aparılan yeni bir araşdırmaya görə, yaşlı insanların rəqəmsal dünyayla əlaqədə olması, yaddaş zəifləməsi və demans kimi xəstəliklərin yaranma riskini azalda bilər.

Texasdakı Baylor Universitetinin alimləri 50 yaşdan yuxarı 411 mindən çox insanın iştirak etdiyi 57 fərqli araşdırmanın nəticələrini təhlil edib. Nəticədə məlum olub ki, texnologiyadan mütəmadi istifadə zehni zəifləmə riskini 58 faiz azaldır. Həmçinin, bu şəxslərdə zamanla müşahidə olunan zehni geriləmə səviyyəsinin 26–34 faiz daha aşağı olduğu qeyd olunub.

Araşdırmalarda müxtəlif rəqəmsal vərdişlər – bəzilərində ağıllı telefon istifadəsi, bəzilərində isə sosial media ilə qarşılıqlı əlaqə araşdırılıb. Peşə təhsil səviyyəsi və sosial-iqtisadi vəziyyət kimi faktorlar nəzərə alındıqda belə, texnologiya ilə əlaqənin qoruyucu təsiri öz gücünü qoruyub saxlayıb.

Baylor Universitetinin psixoloqu və neyrobioloqu Maykl Skallin qeyd edib ki, "Gündəlik həyatımızda texnologiyanın mənfi təsirləri ilə bağlı çox fikirlər eşidirik. 'Rəqəmsal demans' kimi anlayışlar gündəmə gəlir. Ancaq əldə etdiyimiz məlumatlar göstərir ki, bu tip ümumiləşdirmələr həmişə doğru deyil."

Texas Universitetindən nevropsixoloq Cared Benge isə bildirib ki, "Məlumatlarımız göstərir ki, yaşlı şəxslərin texnologiya vasitəsilə əlaqə saxlaması və zehni fəaliyyətlərini davam etdirməsi onların bilişsel sağlamlığı üçün böyük fayda verir."

Mütəxəssislərin fikrincə, texnologiya yeni cihaz və tətbiqlərin öyrənilməsi ilə beyni aktiv saxlaya, sosial media və görüntülü danışıq vasitəsilə tənha qalma hissini azalda, dərman xatırlatma və təqvim tətbiqləri ilə isə müstəqil yaşam müddətini uzada bilər.

Oxşar xəbərlər

Son xəbərlər