Xroniki qəbizliyin müalicəsi niyə çox vaxt uğursuz olur?

Xroniki qəbizliyin müalicəsi niyə çox vaxt uğursuz olur?
Digər 36

Naqoya Universitetinin alimləri bağırsaqda iki növ bakteriya aşkar ediblər ki, onlar birlikdə yoğun bağırsağın qoruyucu selikli qatını dağıdır və bununla da xroniki qəbizliyin yaranmasına səbəb olur.

BAKU.WS xəbər verir ki, söhbət Akkermansia muciniphila və Bacteroides thetaiotaomicron bakteriyalarından gedir. Tədqiqatın nəticələri Gut Microbes jurnalında dərc olunub.

Seliqli qat yoğun bağırsağın divarlarını örtür və eyni zamanda nəcis kütləsinin tərkibinə daxildir. Bu qat nəmi saxlayır, bağırsaq məzmununun hərəkətini asanlaşdırır və epitel hüceyrələrini bakteriyalardan qoruyur. Əgər bu baryer nazilərsə, nəcis quru və bərk olur.

Araşdırma göstərib ki, bu dağıdıcı proses mərhələlərlə baş verir. Əvvəlcə B. thetaiotaomicron "sulfataza" adlı ferment ifraz edir. Bu ferment selikdəki musindən sulfat qruplarını ayırır. Normal halda həmin sulfat qrupları seliyi parçalanmadan qoruyur. Bu "qoruma" aradan qalxdıqdan sonra isə A. muciniphila aktiv şəkildə musini parçalamağa başlayır.

Nəticədə selik miqdarı azalır, nəcis nəmini itirir və bərkilirlər, bu da qəbizliyə gətirib çıxarır. Alimlərin sözlərinə görə, belə hallarda problem çox zaman bağırsaq hərəkətinin zəifləməsində deyil, selikli baryerin itirilməsindədir. Məhz buna görə də adi işlədici vasitələr və bağırsaq hərəkətini stimullaşdıran preparatlar çox vaxt effekt vermir.

Tədqiqatçılar həmçinin bu proseslə Parkinson xəstəliyi arasında da əlaqə tapıblar. Bu diaqnozu olan və hələ tremor (əllərin titrəməsi) başlamazdan onilliklər əvvəl qəbizlikdən əziyyət çəkən xəstələrdə seliyi dağıdan bakteriyaların səviyyəsi yüksək olub. Əvvəllər belə simptomlar əsasən sinir sisteminin zədələnməsi ilə izah edilirdi.

"Biz B. thetaiotaomicron bakteriyasını genetik olaraq elə dəyişdirdik ki, o, musindən sulfat qruplarını ayıran sulfataza fermentini aktivləşdirə bilməsin", – deyə Naqoya Universitetindən tədqiqatın aparıcı müəllifi Tomonari Hamaquti bildirib. "Bu dəyişdirilmiş bakteriyaları Akkermansia muciniphila ilə birlikdə steril siçanların bağırsağına yerləşdirdikdə, heyvanlarda qəbizlik inkişaf etmədi: musin qorunmuş və zədələnməmiş qaldı."

Eksperiment göstərib ki, sulfataza fermentinin aktivliyinin bloklanması selikli qatın dağıdılmasının qarşısını alır. Alimlərin fikrincə, bu kəşf bakterial fermentlərə qarşı yönəlmiş yeni preparatların hazırlanması üçün imkan yaradır.

Son xəbərlər