Şaxta Babaya inanmaq uşağa zərər verirmi?

Şaxta Babaya inanmaq uşağa zərər verirmi?
Digər 29

Şaxta Babaya inanmaq uşağın psixikasına mənfi təsir göstərmir. Əksinə, əgər böyüklər bu inancı səmimi və qayğı ilə dəstəkləyirlərsə, o, uşağın emosional və idrak inkişafında mühüm rol oynayır.

BAKU.WS xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya Perm Politexnik Universitetinin mütəxəssisləri məlumat veriblər.

Ekspertlərin fikrincə, nağıl qəhrəmanına inanmaq uşaqlarda təsəvvürü, emosional özünüidarəni və öz dəyərini hiss etmə bacarığını inkişaf etdirir. Bundan başqa, bu inanc uşaqlara yaxşılıq, ədalət və qayğı haqqında ilkin təsəvvürlər qazandırır.

"Psixologiya nöqteyi-nəzərindən Şaxta Babaya inanmaq uşağın inkişafında vacib mərhələdir. Bayramın yaratdığı sevinc mühiti "mən yaxşıyam" hissini formalaşdırır ki, bu da pozitiv özünəinamın və psixoloji rifahın təməlini qoyur", – deyə Perm Politex Universitetinin "Sosiologiya və politologiya" kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Olqa Yureva bildirib.

Alimlərin fikrincə, bu ənənə təkcə psixoloji deyil, həm də mədəni və sosial əhəmiyyətə malikdir. O, nəsillər arasında bağlılıq hissi yaradır, ailəni ortaq emosiyalar və mərasimlərlə birləşdirir.

"Valideynlər üçün Şaxta Babaya inanc - uşağa qayğı göstərmək və isti xatirələr yaratmaq vasitəsidir. Bu, həm uşaqlar, həm də böyüklər üçün dəyərlidir", – deyə "Fəlsəfə və hüquq" kafedrasının assistenti, klinik psixoloq Mixail Suxoquzov qeyd edib.

Uşaq psixologiyası baxımından möcüzəyə inam ehtiyacı təbii haldır və bu, adətən 5 yaşına qədər davam edir. Bu dövrdə uşaqlar hələ reallıqla fantaziyanı tam ayıra bilmədiklərindən, sehrli düşüncə tərzi oyunlara və gündəlik həyata asanlıqla daxil olur.

Bununla belə, uşaqların "həqiqəti öyrənməyə" reaksiyası fərqli olur.

Belə ki, 3–4 yaşlı uşaqlarda Şaxta Baba bəzən qorxu doğura bilər və əslində onun valideyn olduğunu başa düşmək, əksinə, narahatlığı azalda bilər. Digərlərində isə bu "sirr"in açılması çaşqınlıq və emosional reaksiya doğura bilər.

Mütəxəssislərin fikrincə, bu barədə açıq danışmaq üçün ən uyğun yaş 9–10 yaş arasıdır (əgər uşaq özü sual verməyibsə). Bu zaman vacibdir ki, uşağa Şaxta Babanın bayram və ailə ənənəsinin simvolu olduğu izah edilsin, "möcüzə"nin isə valideynlərin sevgi ilə yaratdığı bir hiss olduğu vurğulansın.

Psixoloqlar xəbərdarlıq edirlər ki, uşağa travma verən, möcüzənin bitməsi deyil, böyüklərin davranışıdır.

Xüsusilə, "ata deyil, o, əsl Şaxta Babadır" kimi açıq yalanlar təhlükəlidir.

"Belə davranış uşaqda etibar hissini sarsıda, yaxınlarına qarşı daxili narahatlıq və inamsızlıq yarada bilər. Bu, psixologiyada "qazlaytinq"ə bənzər bir təsirdir", – deyə Mixail Suxoquzov izah edib.

Bununla yanaşı, mütəxəssislər bildiriblər ki, Şaxta Babaya inamı əvvəldən formalaşdırmamaq da tamamilə normaldır.

"Əgər ailə başdan deyirsə ki, Şaxta Baba – bayramın simvoludur, hədiyyələr isə sevdiklərimizin sevgisinin ifadəsidir, bu, uşaqlığı möcüzədən məhrum etmir. Sadəcə, bu sehr başqa yollarla - qayğı, birlik və yaradıcılıqla yaradılır", – deyə Suxoquzov əlavə edib.

Son xəbərlər