"Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi" kitabının təqdimat mərasimi keçirilib
Bu gün Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanan "Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları, fondun donor və tərəfdaşları, eləcə də ölkənin ictimai-mədəni həyatında önəmli rolu olan şəxslər və media nümayəndələri iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirilib, daha sonra Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev "Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi" kitabının əhəmiyyəti və hazırlanma prosesi ilə bağlı geniş məlumat verib.
"Nəşr tam şəkildə www.book.revival.az platformasına inteqrasiya edilib və fond tərəfindən hazırlanmış süni intellekt "Zəfər" adlı bələdçi vasitəsilə daha da zənginləşdirilib. Kitab təkcə Azərbaycan üçün deyil, həm də qlobal nəşriyyat sahəsi üçün postmünaqişə dövrünün tarixi təhlili baxımından mühüm bir yenilikdir", - deyə Rəhman Hacıyev vurğulayıb.
Sonra işğaldan azad edilmiş ərazilərin bərpasını və dirçəlişini əks etdirən "Faciədən Zəfərə" videoçarxı nümayiş olunub.
Qalereya
Tədbirdə çıxış edən digər natiqlər kitabın əhəmiyyətini qeyd etməklə yanaşı, onun Qarabağda baş verən hadisələrlə bağlı həqiqətlərin, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin və ölkəmizin regionda davamlı sülhün bərqərar olunması istiqamətində səylərinin beynəlxalq auditoriyaya çatdırılmasına böyük töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Çıxışlardan sonra tədbir iştirakçıları "Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi" kitabının videotəqdimatını izləyiblər.
Videotəqdimatdan sonra tədbir müəlliflə sual-cavab sessiyası ilə davam edib. Britaniyalı yazıçı Qrem Uilson tədbir iştirakçılarının kitabla bağlı ona ünvanladıqları çox sayda sualı cavablandırıb.
Tədbirin sonunda Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə fonda ianə edən "İteca Caspian" və "Caspian Event Organisers" şirkətlərinə, eləcə də "PAŞA Kapital" İnvestisiya Şirkətinə fondun adından "İanə sertifikatı", eyni zamanda, "Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi" kitabı təqdim olunub.
Qeyd edək ki, tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini, eləcə də Qarabağın zəngin təbiətini və nadir flora-faunasını əks etdirən "Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi" fotosərgisi də nümayiş edilib. Britaniyalı yazıçı Qrem Uilsonun eyniadlı kitabında yer alan təsirli fotolar əsasında hazırlanan sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Oxşar xəbərlər
Konstantinovka xatirələri - Donbas səfərindən geriyə qalanlar
Hava günəşli və mülayim idi. Baxmayaraq ki, oktyabr ayı burada - Donetsk vilayətinin Kramatorsk şəhərində adətən soyuq keçirdi. Kramatorks şəhəri Donetks vilayə...