Oğlu döyülən Əməkdar artist: "Qorxuram, naməlum şəxslər evimə gəlir"
Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın 45 yaşlı oğlu Artur Balıyev yanvarın 30-da axşam saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində döyülüb.
Xəstəxanaya yerləşdirilən Artur Balıyevin müalicəsi hazırda Kliniki Tibbi Mərkəzdə davam etdirilir. Onun bədənində çoxsaylı sınıqlar və digər zədələr var.
BAKU.WS xəbər verir ki, Globalinfo.az-a açıqlama verən zərərçəkənin anası Nataliya Balıyeva bildirib ki, hadisəni törədən şəxslərdən biri saxlanılsa da, digər üç nəfər məsuliyyətə cəlb edilməyib:
"Oğlumun başında, beynində, bədənin müxtəlif hissələrində ağır zədələr var, hazırda xəstəxanada müalicə alır. Onlar Arturu mənim gözümün qarşısında hücum edərək vururdular. Həm də bir nəfər deyil, hamısı birgə vururdular. Hadisə yerində kameralar da var, yəqin ki, həmin anların görüntüsü düşüb. Lakin kamera görüntüləri hələlik götürülməyib və araşdırılmır. Niyə kameralar açılıb göstərilmir? Oğlum çox alicənab, mədəni insandır, münaqişə yaradan oğlan deyil. Amma həmin şəxslər aqressiv şəkildə hücum etdilər. Artur hələ də sərbəst yemək yeyə bilmir, gözünə qan sızıb".
N.Balıyeva Bakı şəhərində belə bir hadisənin baş verməsinə görə təəssüfləndiyini deyib:
"Bakı həmişə sakit yer olub. Belə hadisələr bizim hamımızı qorxudur. Kimlərsə oğluma təsir etmək üçün xəstəxanada onun yanına daxil olublar və şikayətçi olmamasına çalışıblar. Yaşadığım evin qapısını da tanımadığım şəxslər gəlib döyür, bunlar məni çox qorxudur. Bakıda həmişə insanlar rahat, mehriban yaşayıblar. Baş verən bu hadisə bizi çox narahat edir. Xahiş edirəm, oğluma hücum edən digər şəxslər də tapılsınlar, qanun qarşısında cavab versinlər".
Qeyd edək ki, DİN-in mətbuat xidməti faktla bağlı araşdırmaların aparıldığını və bir nəfərin (T.Zeynalov) saxlanıldığını bildirib.
Oxşar xəbərlər
Bakıya qar yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında fevralın 4-6-da fasilələrlə yağıntılı olacağı gözlənilir. Fevralı 4-ü gün ərzində, 5-i gecə bəzi yerlərdə yağışın sulu qara keçə...