Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
Azərbaycan Hava Yollarının (AZAL) J2-295 nömrəli Bakı-Naxçıvan reysini icra edən hava gəmisi ildırımlı hava şəraiti səbəbindən Bakıya geri qayıdıb.
Bu barədə BAKU.WS-ə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna saat 21:09-da uğurla eniş edib.
Qeyd edilib ki, J2-2257 nömrəli Bakı-Naxçıvan reysi də əlverişsiz hava şəraiti səbəbi ilə təxirə salınıb. Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək.
"Məlumat üçün bildiririk ki, son günlər Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafikə uyğun icrasını çətinləşdirərək uçuş cədvəlində müəyyən dəyişikliklərə səbəb olub. Naxçıvanın coğrafi yerləşməsi və dağlıq relyefi səbəbindən külək, görmə məsafəsinin məhdudlaşması və sürətlə dəyişən meteoroloji şərait bəzi hallarda uçuş əməliyyatlarına birbaşa təsir göstərir. Bu səbəbdən uçuşların təhlükəsiz şəkildə yerinə yetirilməsini təmin etmək məqsədilə hava şəraitinə uyğun olaraq operativ qərarlar qəbul edilir", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq rəisi, polkovnik Vaqif Əsədov 22 İyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri...