Mikayıl Cabbarov: "Ölkəmiz dünya güləş ailəsində layiq olduğu yeri qazanıb"
"Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və dəstək sayəsində Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edən ölkələrdən birinə çevrilib".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının açılış mərasimində deyib.
O bildirib ki, idmanın inkişafına dövlət dəstəyi ölkənin bütün bölgələrində müasir idman infrastrukturunun yaradılmasına və sağlam həyat tərzinin təşviqi üçün geniş imkanların formalaşmasına şərait yaradıb:
"Sevindirici haldır, son illərdə ölkəmiz, necə ki, bir çox digər sahələrdə, eləcə də dünya güləş ailəsində layiq olduğu yeri qazanıb. Azərbaycan Güləş Federasiyası Birləşmiş Dünya Güləş Təşkilatının etibarlı və hörmət edilən tərəfdaşlarından birinə çevrilib və bu etimada görə sizə təşəkkür edirik. Təsadüfi deyil ki, ölkəmiz hər il miqyası və beynəlxalq nüfuzu artan reytinq turnirləri kimi iri beynəlxalq güləş yarışlarına mütəmadi olaraq ev sahibliyi edir. Bakıda keçirilən U-17 dünya çempionatı bunun bariz nümunəsidir".
M.Cabbarov vurğulayıb ki, Azərbaycanın ev sahibliyi etdiyi bu yarış son 16 ildə keçirilən U-17 dünya çempionatları arasında ən çox iştirakçını bir araya gətirib:
"Çempionatda 677 idmançı, 272 məşqçi və 64 beynəlxalq hakim iştirak edir. Ümumilikdə isə tədbirlə əlaqədar ölkəmizə 1100-dən çox qonaq gəlib. Bu qədər yüksək iştirakçı sayı Birləşmiş Dünya Güləş Təşkilatının Azərbaycana olan etimadının, eləcə də ölkəmizin beynəlxalq idman yarışlarını ən yüksək səviyyədə təşkil etmək potensialının növbəti təsdiqidir".
Oxşar xəbərlər
MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
Qarşılıqlılıq prinsipi nəzərə alınaraq İranın "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycanda fəaliyyəti...