James Webb Kosmik Teleskopu indiyə qədər bilinən ən uzaq qalaktikanı aşkarladı

James Webb Kosmik Teleskopu indiyə qədər bilinən ən uzaq qalaktikanı aşkarladı
Digər 36

James Webb Kosmik Teleskopu (JWST) kainatın yaranmasından cəmi 280 milyon il sonra meydana gələn və bu günə qədər müşahidə edilən ən uzaq qalaktikanı aşkarlayıb. Bu kəşf, JWST-nin kosmik zamanın ən erkən dövrlərini araşdırmaq gücünü bir daha ortaya qoyub.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, yeni qalaktikaya "MoM-z14" adı verilib. Kəşf erkən kainatı araşdırmaq məqsədilə aparılan Mirage (və ya Miracle) spektroskopik tədqiqatı çərçivəsində həyata keçirilib.

Qalaktikanın qırmızıya sürüşmə (redshift) dəyəri z = 14.44 olaraq ölçülüb. Bu isə qalaktikadan gələn işığın təxminən 13.5 milyard il əvvəl yola çıxdığını göstərir.

Əvvəlki rekord z = 14.32 dəyəri ilə JADES-GS-z14-0 adlı qalaktikaya məxsus idi. Ancaq MoM-z14 müşahidə edilə bilən kainatın sərhədlərini bir qədər də genişləndirib.

MIT Kavli Astrofizika və Kosmik Tədqiqatlar İnstitutundan Rohan Naidu-nun rəhbərliyi ilə hazırlanmış və arXiv.org saytında dərc olunmuş araşdırmaya görə, bu qalaktika kainatdakı ilk ulduzların doğduğu dövrə çox yaxın bir mərhələdə formalaşmış ola bilər.

Tədqiqatçılar bildiriblər ki, JWST gözlənilməz dərəcədə parlaq qalaktikalardan ibarət bir qrup aşkarlayıb. Bu isə qalaktika formalaşması ilə bağlı əsaslı sualları gündəmə gətirib.

Spektroskopik analizlər MoM-z14 qalaktikasından gələn işığın əsasən ulduzlardan qaynaqlandığını göstərib. Bu da o deməkdir ki, qalaktikanın parlaqlığı superkütləvi qara dəliklərdən deyil, çoxsaylı, bəlkə də superkütləvi ulduzlardan gəlir.

Qalaktikada azot-karbon nisbətinin Günəşdə olduğundan daha yüksək olduğu müəyyən edilib. Bu nisbət, Samanyolu qalaktikasına bağlı qədim ulduz qruplarındakı kimyəvi tərkibə bənzəyir. Alimlər bu bənzərliyin qalaktika təkamülünü kosmik zaman boyunca bir-birinə bağlayan ipucu ola biləcəyini düşünür.

MoM-z14 və ona bənzər qalaktikalarda iki fərqli quruluş müşahidə olunub: nöqtəvi (kompakt) və yayılmış (geniş). Kompakt qalaktikaların güclü azot yayımı etdiyi, yayılmış olanlarda isə bu yayımın daha zəif olduğu müəyyən edilib. Bu isə qalaktikaların kimyəvi tərkibi ilə fiziki quruluşları arasında birbaşa əlaqə ola biləcəyini düşündürür.

Tədqiqat müəllifləri bildirirlər ki, MoM-z14 kimi qalaktikalar barədə biliklərimiz qalaktika formalaşmasına dair anlayışlarda dərin dəyişikliklərə səbəb ola bilər. Əgər təxirə salınmasa, yaxın illərdə orbitə çıxarılması planlaşdırılan Nancy Grace Roman Kosmik Teleskopu kimi layihələr bu tip qalaktikalardan yüzlərlərini daha aşkarlamağa imkan verəcək.

Alimlər nəticə olaraq belə yazıblar:

"JWST, kainatın ən erkən dövrlərinə dair müşahidə sərhədlərimizi təsəvvür belə edə bilməyəcəyimiz nöqtələrə aparır. Artıq ilk ulduzların doğulduğu dövr bizdən o qədər də uzaqda deyil."

Son xəbərlər