İRİA rəsmisi: "Bu il Azərbaycanda dörd innovasiya mərkəzi açılıb"

İRİA rəsmisi: Bu il Azərbaycanda dörd innovasiya mərkəzi açılıb
Digər 19

"Bu il ərzində Azərbaycanda dörd innovasiya mərkəzi açılıb. Bunlar Naxçıvanda, Gəncədə yaradılmış mərkəzlər, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə birgə yaradılmış mərkəz və "Anderson Lab" innovasiya mərkəzidir".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın innovasiya ekosistemində ən mühüm hadisələrdən biri olan "IDDA Awards" müsabiqəsinin mükafatlandırma mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli deyib.

O bildirib ki, qanunvericilik istiqamətində milli vençur maliyyələşməsi üzrə hüquqi çərçivənin formalaşdırılması məqsədilə müvafiq qurumlarla bir sıra işlər aparılıb:

"Hazırda bu sahədə qanunvericiliyə müəyyən təkmilləşdirmələrin edilməsi nəzərdə tutulur".

T.Kərimli əlavə edib ki, beş universitetdə dörd hakaton, altı inkubasiya və iki digər innovasiya proqramı həyata keçirilib:

"Eyni zamanda, agentlik ilə ABŞ-nin "Plug & Play" innovasiya platforması arasında əməkdaşlığa start verilib.

İstedadların inkişafı istiqamətində də bir sıra fəaliyyətlər həyata keçirilib. "Global Innovation Institute" tərəfindən 38 mütəxəssis 45 beynəlxalq sertifikat əldə edib, səkkiz qurum isə beynəlxalq akkreditasiyadan keçib. 62 akademik sahibkarlıq üzrə müəllim və mentor hazırlığı proqramını tamamlayıb".

Qeyd edək ki, "IDDA Awards" Azərbaycanda innovasiyaların təşviqinə, startaplar tərəfindən yaradılan qabaqcıl texnoloji həllərin tanıdılmasına və innovativ layihələrin həm dövlət, həm də özəl sektorda tətbiqinin stimullaşdırılmasına xidmət edən mühüm platformadır. Müsabiqədə iştirak edən və xüsusilə də qalib olan layihələr üçün ekosistemdə tanınmaqla yanaşı, şəbəkələşmə və yeni tərəfdaşlıqların qurulması baxımından geniş imkanlar yaranır.

Son xəbərlər