İranda etiraz dalğası böyüyür: Universitetlər distant təhsilə keçib, mağazalar bağlanıb

İranda etiraz dalğası böyüyür: Universitetlər distant təhsilə keçib, mağazalar bağlanıb
Foto Video
Digər 57

İranda dərin iqtisadi böhran fonunda etiraz dalğası böyüyür, etiraz hərəkatı genişlənməyə davam edir.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Ötən gecə ölkənin bir neçə şəhərində keçirilən etirazlarda İran hökumətinə qarşı şüarlar səsləndirilib. Satıcıların etirazlarına tələbələr də qoşulub. Fəalların və tələbə təşkilatlarının çağırışlarından sonra Tehran, İsfahan və Yəzd də daxil olmaqla, universitet şəhərlərində etirazlar baş tutub. İştirakçılar ölkənin siyasi sistemini və mənəvi rəhbərliyini kəskin tənqid edən şüarlar ifadə ediblər.

Kirmanşahda xüsusi bölmələr gözyaşardıcı qazdan istifadə ediblər və ən azı 10 nəfəri saxlayıblar. Həmədanda təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün atəş açıblar və sonra kütləvi həbslər həyata keçiriblər ki, həbs edilənlər arasında tələbələr də var.

İranda ardıcıl üçüncü gündür davam edən bu ümumxalq etirazları fonunda ölkənin təhsil məsələləri üzrə elm nazirinin müavini tələbələr üçün cari semestrin son həftəsində məsafədən (distant) dərslər keçirilməsinə icazə verib. Elm, Tədqiqat və Texnologiya Nazirliyinin açıqlamasına görə, bu qərar soyuq hava, enerji balansının pozulmasının yaratdığı problemlər səbəbindən, eləcə də "tələbələrin rahatlığını təmin etmək və onların buraxılış imtahanlarına hazırlaşmaları üçün daha əlverişli şərait yaratmaq" məqsədilə verilib.

Dərslər yanvarın 4-dən etibarən distant rejimə keçirilə bilər.

İranın müxtəlif şəhərlərində iqtisadi çətinliklər və sosial iğtişaşlar fonunda davam edən etirazlarla bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərdə repressiv qüvvələrin Həmədanda bir bankın qapılarını sındırdığı kadrlar da yer alıb.

Şahidlər təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra şəhərdə gərginliyin daha da artdığını qeyd edirlər.

Həmçinin Tehran bazarlarındakı mağazalar bağlı olaraq qalır, İranda satıcıların tətilləri davam edir.

Milli valyutanın kəskin şəkildə dəyərdən düşməsi fonunda satıcılar pisləşən iqtisadi vəziyyət, sürətlə artan qiymətlər və bazarda qeyri-sabitlikdən narazılıqlarını bildirirlər.

Fars əyalətinin Fəsa şəhərində əhali qubernatorluq binasının qarşısında etiraz aksiyası keçirib.

Bu səhərdən etibarən sosial mediada yayımlanan məhdud məlumatlar və fotoşəkillər Tehran bazarının girişlərində təhlükəsizliyin artırıldığını və kütləvi şəkildə repressiv qüvvələrin mövcudluğunu göstərir.

Qeyd edək ki, Tehran bazarı sürətlə artan dollar məzənnəsinə etiraz olaraq bazar günü (dekabrın 28-i) axşamından tətil vəziyyətindədir.

İran hökuməti, həmçinin dekabrın 31-ni bütün ölkədə istirahət günü elan edib və bunu "soyuq hava və enerji balanssızlığı" ilə əlaqələndirib.

Bu gün İranın qırmızı rənglə işarələnmiş bölgələrində istirahət günüdür.

Rejim bunu soyuq hava ilə əlaqələndirsə də, aydındır ki, əsl səbəb açıq şəkildə universitetlərdə etirazları və dövlət şirkətlərində tətilləri daha asanlıqla idarə etmək cəhdidir.

Son xəbərlər