İnsan beyni 9, 32, 66 və 83 yaşda necə dəyişir? Alimlər dörd dönüş nöqtəsini açıqladı
Britaniyalı alimlər insan beyninin həyat boyu keçdiyi əsas mərhələləri müəyyən ediblər. Araşdırmaya görə, beyin inkişaf və qocalma prosesində bir neçə kritik yaş dövründən keçir və hər mərhələ özünəməxsus dəyişikliklərlə xarakterizə olunur.
BAKU.WS xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, təxminən 9 yaşa qədər beyində sinir əlaqələrinin yenidən qurulması prosesi gedir. Körpəlik dövründə artıq olan sinapsların bir hissəsi yox olur, ən aktiv əlaqələr isə qalaraq beynin əsas "arxitekturasını" formalaşdırır. Bu yaşda idrak qabiliyyətləri genişlənsə də, psixi pozuntular riski də arta bilər.
Təxminən 32 yaşda beyin tam yetkin mərhələyə çatır. Ağ maddənin həcmi artır, neyron əlaqələri daha mürəkkəb olur və idrak qabiliyyəti pik həddinə yaxınlaşır. Bu dövrdən sonra beyin strukturunda uzun müddət ciddi dəyişiklik baş vermir, intellekt və xarakter nisbətən sabit mərhələyə keçir.
66 yaş isə erkən qocalma mərhələsinin başlanğıcı sayılır. Struktur dəyişikliklər kəskin olmasa da, sinir əlaqələri zəifləməyə başlayır, ağ maddə tədricən deqradasiyaya uğrayır. Bu dövrdə beyinlə bağlı xəstəliklərin riski artır.
Təxminən 83 yaşda isə gec qocalma mərhələsi başlayır. Alimlərin fikrincə, bu mərhələdə beyin daha çox lokal sahələrə "güvənməyə" başlayır, ümumi kommunikasiya şəbəkəsi zəifləyir və bəzi funksiyalar tədricən sönür.
Araşdırma göstərir ki, insan beyni həyat boyu dinamik dəyişikliklər keçirir və hər yaş dövrü özünəməxsus xüsusiyyətlərə malikdir.
Oxşar xəbərlər
Bu qidanın təhlükəli ola biləcəyi üzə çıxdı
Dəniz kələmi (laminariya) sağlam qidalanmada daha çox diqqət çəkir. Bu dəniz yosunu yüksək qidalandırıcı dəyərə malikdir, kalorisi azdır və xüsusilə yodla zəngi...