Dərin yuxu zamanı beynin toksinlərdən "təmizlənməsi" mexanizmi açıqlandı

Dərin yuxu zamanı beynin toksinlərdən təmizlənməsi mexanizmi açıqlandı
Digər 65

Noreadrenalin molekulu yuxu zamanı beyində toksinlərin təmizlənməsinə kömək edir.

BAKU.WS xəbər verir ki, Kopenhagen Universitetindən olan alimlər müəyyən ediblər ki, noreadrenalin adlı molekul dərin yuxu zamanı beynin toksinlərdən "təmizlənməsində" əsas rol oynayır. Bu molekul qan damarlarında ritmik daralmaları stimullaşdıraraq beyindən tullantıların çıxarılmasını təmin edir. Araşdırmanın nəticələri Cell jurnalında dərc edilib.

Tədqiqatçılar yuxuda olan siçanlar üzərində apardıqları müşahidələrdə müəyyən ediblər ki, beyində təxminən hər 50 saniyədə az miqdarda noreadrenalin ifraz olunur. Bu proses qan damarlarının ritmik sıxılmasını təmin edir, nəticədə onurğa-beyin mayesinin axını sürətlənir və beyin fəaliyyəti nəticəsində yaranan tullantılar effektiv şəkildə çıxarılır.

Həmçinin müəyyən olunub ki, beyindəki qan həcmi və onurğa-beyin mayesinin axını bir-biri ilə sıx əlaqəlidir və damarlar bu prosesdə nasos kimi fəaliyyət göstərir.

Dərin yuxu beyindəki glimfatik (təmizləmə) sistemin işində əsas mərhələdir. Bu mərhələdə ürək döyüntüsü və tənəffüs yavaşıyır, bədən temperaturu və qan təzyiqi aşağı düşür, əzələlər tamamilə rahatlaşır. Məhz bu fazada toxumaların bərpası, hormonların sintezi və enerjinin toplanması prosesləri başlayır.

Alimlər hesab edirlər ki, dərin yuxu fazasında baş verən təmizləmə prosesi yalnız siçanlarda deyil, insanlarda da mümkündür. İnsan beyninin noreadrenalin dalğaları yarada biləcəyi, qan axınının dəyişməsi və onurğa-beyin mayesinin dalğalanmalarının müşahidə oluna biləcəyi göstərilib.

Tədqiqatçılar bildiriblər ki, onların kəşfi yuxu pozuntularının necə nevroloji xəstəliklərin inkişafına səbəb olduğunu izah edə bilər. Həmçinin glimfatik sistemin effektiv işləməməsi beyində toksik zülalların yığılması nəticəsində yaranan demensiya ilə əlaqəli ola bilər.

Daha əvvəl alimlər yuxusuzluğun neçə gündən sonra halüsinasiyalara səbəb ola biləcəyini açıqlamışdılar.

Oxşar xəbərlər

Son xəbərlər