Deputat: Məktəblərdə etik ünsiyyət qaydalarının daha sərt şəkildə qorunması vacibdir

Deputat: Məktəblərdə etik ünsiyyət qaydalarının daha sərt şəkildə qorunması vacibdir
Digər 14

Liseydə baş verən insident bir daha göstərdi ki, məktəb yalnız bilik verilən yer deyil, eyni zamanda, təhlükəsiz mühitin, davranış mədəniyyətinin və sosial bacarıqların formalaşdığı əsas məkandır.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında deputat Vasif Qafarov bildirib.

Onun sözlərinə görə, bu mühitin qorunması üçün məktəblərdə nizam-intizamın düzgün qurulması, qaydaların əvvəlcədən aydın şəkildə müəyyən edilməsi və hamıya eyni formada tətbiq olunması xüsusi əhəmiyyət daşıyır:

"Nizam-intizam anlayışı cəza kimi yox, şagirdin məsuliyyət hissini formalaşdıran, təhlükəsizliyi təmin edən və məktəbdaxili münasibətləri sağlamlaşdıran sistem kimi qəbul edilməlidir".

Geyim formasından da danışan deputat bildirib ki, bu məsələ təkcə görünüş və zahiri qayda deyil, məktəb mühitində bərabərliyin qorunması, diqqətin dərs prosesinə yönəlməsi, həmçinin bəzi hallarda təhlükəsizlik baxımından vacib funksional vasitədir.

"Bu mövzuda yanaşma qadağa dili ilə deyil, şagirdlərə və valideynlərə səbəbin izah edilməsi ilə aparılmalı, geyim qaydaları məktəbin ümumi dəyərlərini və ictimai məkana uyğun davranış modelini əks etdirməlidir" , - V. Qafarov qeyd edib.

Etik davranış qaydalarını məktəb mühitində zorakılığın və konfliktlərin qarşısını alan ən güclü profilaktik mexanizmlərdən biri adlandıran deputatın fikrincə, hörmət dili, şəxsi sərhədlərin qorunması, mübahisə mədəniyyəti, qrup təzyiqinə qarşı dayanıqlılıq kimi mövzular tərbiyə işinin əsas istiqamətlərindən olmalıdır:

"Xüsusən yeniyetməlik dövründə impulsiv davranışların artdığını nəzərə alaraq məktəb psixoloqu, kurator müəllim və mediator yanaşması kimi dəstək mexanizmləri gücləndirilməlidir".

Deputat bildirib ki, bu kimi hallarda məsuliyyətin yalnız məktəbin üzərinə qoyulması real nəticə vermir, çünki valideyn nəzarəti və ailədaxili tərbiyə faktoru da prosesin ayrılmaz hissəsidir.

"Rəqəmsal mühitdə nəzarətsiz qalmaq, gecə saatlarında sosial şəbəkə istifadəsi, anonim yazışmalar, aqressiv kontentə çıxış kimi amillər uşağın psixologiyasına və davranışına birbaşa təsir göstərir və məktəbdəki intizam problemlərinin bir hissəsi məhz bu təsirlərdən qaynaqlana bilər", - o deyib.

V. Qafarov xatırladıb ki, məhz bu səbəbdən dünyada son illər azyaşlıların sosial şəbəkədən istifadəsinə məhdudiyyət qoyulması istiqamətində ciddi tendensiya formalaşıb və bir çox ölkələr bu məsələyə qanunvericilik səviyyəsində yanaşmağa başlayıb.

"Avstraliya müəyyən platformalarda 16 yaşdan aşağı istifadəçilərin hesab yaratmasının qarşısını almaq üçün şəbəkələrə konkret öhdəliklər qoyur, Avropa İttifaqı isə "Rəqəmsal Xidmətlər Aktı" çərçivəsində azyaşlıların qorunması, yaş təsdiqi mexanizmləri və platformaların məsuliyyətinin artırılması istiqamətində addımlar atır" , - deputat vurğulayıb.

Milli Məclisin üzvü Böyük Britaniyanın platformalara uşaqları zərərli kontentdən qorumaq üçün sistemli təhlükəsizlik tədbirləri tətbiq etməyi, İspaniyanın 16 yaşdan aşağı uşaqların sosial şəbəkəyə girişinin məhdudlaşdırılması və real yaş yoxlaması mexanizmlərinin tətbiqini də örnək gətirilib:

"Bu baxımdan, məktəblərdə davranış kodeksinin yenilənməsi, etik ünsiyyət qaydalarının daha sərt şəkildə qorunması, kiberzorakılıq və onlayn təhqir hallarının da məktəbdaxili intizam pozuntusu kimi qiymətləndirilməsi, rəqəmsal savadlılıq proqramlarının genişləndirilməsi, valideynlər üçün maarifləndirici seminarların keçirilməsi və məktəb psixoloji xidmətinin gücləndirilməsi vacib addımlar hesab oluna bilər".

Son xəbərlər