Alimlər daş bütlərin yaradılmasının sirrini açdılar

Alimlər daş bütlərin yaradılmasının sirrini açdılar
Digər 8

Pasxa adasındakı məşhur Moai heykəlləri uzun müddət mərkəzləşdirilmiş hakimiyyətin işi hesab edilsə də, son tədqiqatlar onların bir-birindən asılı olmayan çoxsaylı icmalar tərəfindən yaradıldığını göstərib.

BAKU.WS xəbər verir ki, bu qənaətə Binqemton Universitetinin alimləri gəliblər. Tədqiqatın nəticələri PLOS One jurnalında dərc olunub.

Ənənəvi olaraq Moai heykəlləri "donmuş ata-baba simaları" və hakimiyyət rəmzi kimi qəbul edilirdi. Lakin yeni məlumatlar bu nəhəng heykəllərin kimlər və necə yaradıldığına dair təsəvvürləri dəyişir. Qədim ustaların iş təşkilatını araşdırmaq üçün alimlər Rano-Raraku adlı əsas daş karxanasını dronlar və fotogrammetriya texnologiyası ilə tədqiq ediblər.

Yüksək dəqiqlikli üçölçülü model iş izlərinin ən xırda detallarını - yamacları, nişləri və cızıq izlərini - üzə çıxarıb. Onun əsasında tədqiqatçılar müxtəlif mərhələlərdə olan 426 Moai, gələcək heykəllərin formasını göstərən 341 oyuq, 133 boş niş və heykəllərin yamacdan ehtiyatla endirilməsi üçün kəndirlərin bağlandığı 5 daş dirək qeydə alıblar.

Analiz göstərib ki, karxana 30 ayrıca iş zonasına bölünüb. Hər zonada daş emalı üsulları fərqli olub və hər bir heykəlin yaradılma prosesi yalnız həmin ərazidə başa çatıb.

Tədqiqatın aparıcı müəllifi Karl Liponun sözlərinə görə, bu struktur mərkəzləşdirilmiş idarəetmədən çox, müstəqil emalatxanalar şəbəkəsini xatırladır.

Müşahidələr digər elmi faktlarla da uyğunluq təşkil edir. Eyni tədqiqat qrupu daha əvvəl sübut etmişdi ki, Moai heykəllərini cəmi bir neçə nəfər "yellədərək" hərəkət etdirə bilirdi, yəni onların daşınması da çoxsaylı işçi qüvvəsi və sərt idarəetmə tələb etmirdi.

Arxeoloji məlumatlar həmçinin göstərir ki, təzə su mənbələri vahid hakimiyyətə deyil, fərqli icmalara məxsus olub.

"Bütün bu məlumatlar Rapanui cəmiyyətinin mərkəzləşdirilməmiş quruluşunu göstərir. Bu icmalar həm əməkdaşlıq edir, həm də bir-biri ilə rəqabət aparırdılar. Moai heykəllərinin yaradılması hökmdarın əmri deyil, hər bir icmanın öz gücünü nümayiş etdirmə üsulu idi", - deyə Karl Lipo qeyd edib.

Son xəbərlər