Aktaudakı qəzadan sağ çıxan Səlihət: "Bir də heç vaxt təyyarəyə minməyəcəyəm"
AZAL-a məxsus təyyarənin Aktauda qəzaya düşməsindən bir il ötür. O elə bir qəza idi ki, yalnız hadisə şahidlərinin, onların yaxın-qohumlarının deyil, bütün azərbaycanlıların ürəyini oraya - Aktauya apardı. Hamımızın duaları orada idi.
Hadisə şahidlərindən biri, qəzadan möcüzə nəticəsində sağ çıxan Zaqatala sakini Səlihət Ceerovanı avar dilində: "Narahat olma, ana. Mən yaxşıyam. Atamı görməmişəm. İnşallah, müalicə alıb qayıdacağam", - dediyi videosundan tanıyırıq.
Həmin qəzada Səlihət tək deyildi, atası Xizri Ceerov ilə birlikdə Qroznıya gedirdi.
BAKU.WS xəbər verir ki, Lent.az-ın əməkdaşı hadisədən bir il sonra Səlihət ilə həmsöhbət olub.
Səlihət deyir ki, o, qəza ilə bağlı bəzi şeyləri unudub:
"Atam Qroznıya işləməyə, mən də əmimgildə bir ay istirahət etməyə gedirdim. Təyyarədə hər şey normal idi, qeyri-adi nə isə hiss etmirdim, birdən partlayış səsi eşitdim. Həmin an kəndimizdən olan bir kişi də mənim qarşımdakı yerdə, pəncərənin kənarında oturmuşdu. Bir an gördüm ki, ona qəlpə dəydi, bəlkə də, təyyarənin qopan hissəsi idi, amma yadımda qəlpə qalıb. Atam yanımda oturmuşdu, o durdu ki, kişiyə baxsın, görsün, nə olub, elə həmin an ikinci partlayış oldu, ayağımdan zədə aldım. Atam məni qorumaq üçün dedi ki, sən mənim yerimə keç. Kəmərimi bağladı, özü isə arxada oturdu. Həmin vaxt atamla danışırdım, sual verirdim ki, nə vaxt enəcəyik, nə baş verir? Təyyarənin parçalanıb, aşağı düşdüyü an isə yadımda qalmayıb, beynimdən silinib".
Onun sözlərinə görə, təyyarə enəndə o, kəmərdən asılı vəziyyətdə qalıbmış:
"Kəndimizdən bir kişi dedi ki, sən kəmərdən asılı qalmışdın. "Kəmərimi açın, xilas edin məni", - deyirdin. Düzdür, bunu özüm xatırlamıram, amma o mənə elə dedi. Kəmərim açılandan sonrakı hissə yadıma gəlir. Məni təyyarədən çıxarmışdılar, yanımda Balakəndən bir oğlan var idi. Onunla birlikdə xəstəxanaya apardılar. Elə yaddaşım da burada sonlandı, gerisini xatırlaya bilmirəm.
Qəza anında atamın harada olduğunu, vəfat edə biləcəyi ehtimalı düşünə bilmirdim, özümdə deyildim, həkimlər deyirlər ki, xəstəxanaya çatdırılanda iki faiz qanım qalıbmış bədənimdə. Səhv etmirəmsə, yanvarın 10-u dedilər ki, atan dünyasını dəyişib. Xəstəxanadan da 23-ü çıxdım".
Səlihət deyir ki, bundan sonra bir də heç vaxt təyyarəyə minməyəcək:
"İndidən belə təyyarəyə minən deyiləm, qorxuram. Gələcək planlarımla bağlı da hələ ki fikrim yoxdur. İndi Zaqatalada qalırıq, 4 yaşlı qardaşım, 18 yaşlı bacım var. Bilirsiniz, mən hələ də deyə bilmirəm ki, şanslıyam, ya əksinə. Düzdür, qəzadan sağ çıxdım, bu, möcüzə idi, amma atamı itirdim, o mənim üçün hər şey idi. Bir il keçib, hələ də unuda bilmirəm o anları, yaşadığım stresi..."
"Bu şəkil məni Qazaxıstandan Bakıya gətirdikləri vaxt çəkilib. Yanımdakı oyuncağı qazaxıstanlı xanım psixoloq mənə hədiyyə etmişdi", - Səlihət əlavə edir.
Oxşar xəbərlər
Valideynləri qorxudan nədir? - Uşaqlara qoyulan diaqnozlar...
Nevroloq, psixoloq və ya loqoped tərəfindən yazılan diaqnostik qeydlər valideynlərdə çox vaxt narahatlıq və qorxu yaradır. Qeydlərdə yer alan terminlər və qısa...