SİZİN REKLAM BURADA!
055 213 76 73


İsveçdə koronavirus xəstəliyinə yoluxanların sayı 10 min nəfəri ötüb. Onlardan 919 nəfəri həyatını itirsə də, ölkədə hələ də karantin rejimi tətbiq edilməyib.

BAKU.WS xəbər verir ki, İsveçdə uşaq bağçaları da əvvəlki kimi fəaliyyət göstərir.

İbtidai sinif şagirdləri dərslərə getməkdə davam edirlər. Bundan əlavə, ölkədə barlar, restoranlar və fitness mərkəzləri fəaliyyətini dayandırmayıb.

Dünyada koronavirus pandemiyası ilə əlaqədar insanlar karantin rejiminə keçsələr də, Skandinaviya ölkəsindəki həyat bir çoxlarında çaşqınlıq yaradır.

İsveç hökuməti müəssisələrdən əməkdaşlarını ev şəraitində işlətməyi, SARS olan insanlardan evdə oturmağı və yaşlı qohumları ziyarət etməmələrini istəyib. Ancaq bütün bu təlimatlar yalnız tövsiyyə xarakterlidir.

Karlstad Universitetinin İctimai Risklərin Tədqiqat Mərkəzinin direktoru, professor Finn Nilson İsveç vətəndaşlarının niyə karantin rejiminə keçməməsini izah edib: "İsveçdəki tədbirlər qonşu ölkələrlə müqayisədə həqiqətən unikaldır. Hakimiyyətin istifadə etdiyi tövsiyələr və etimad üsulu dövlətimizə və bir-birimizə olan yüksək etibarımıza əsaslanır. Başqa sözlə, hər kəsin nə edəcəyini seçməsi inamı bu ölkə üçün daha yaxşıdır. Biz artıq epidemiyanın başlanğıc mərhələsindəyik və metodun effektivliyi barədə danışmaq hələ tezdir".

Bununla belə Nilson İsveç hökumətinin son nəticədə ifrat vəziyyətə düşəcəyini istisna etmir: "Hazırda metodun effektivliyini qiymətləndirmək mümkün deyil, lakin ölüm nisbəti (əhaliyə nisbətən) xüsusilə Skandinaviya ölkələri ilə müqayisədə olduqca tez artır. Buna görə də çox narahatam. Ancaq isveçlilər bu vəziyyəti ciddiyə alsalar, pandemiyanı məğlub edə biləcəkləri mümkündür. Mən deyərdim ki, İsveç indi böyük risk altındadır".

BAKU.WS