VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il yay mövsümündə insanların bölgələrə gedib istirahət etməsi mümkün olmayacaq.

BAKU.WS xəbər verir ki, buna səbəb infeksiyanın artan tempdə davam etməsidir.

Ölkənin baş infeksionisti Cəlal İsayev də mətbuata açıqlamasında bildirib ki, vəziyyət belə davam etsə, rayonlara yol açılmayacaq və istirahətə getmək mümkün olmayacaq.

Mövcud vəziyyətdən çıxış yolu olaraq həftəsonları əhalinin rayonlara gedişinə icazə vermək maraqlı təkliflərdən biri olardı. Paytaxtda əhalinin sıxlığını və yoluxanların sayını azaltmaq üçün şənbə və bazar günləri tətbiq olunacaq komendant saatından əvvəl əhalinin rayonlara gedişinə icazə verilməsi bu istiqamətdə mümkün narazılığı aradan qaldıra bilər.

Bu təklifin Nazirlər Kabineti tərəfindən müzakirə olunub-olunmamasını dəqiqləşdirmək məqsədilə qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədova müraciət etdik. O, BAKU.WS-ə bildirdi ki, hələlik bu barədə qərar yoxdur.

Millət vəkili Fazil Mustafa isə hesab edir ki, rayonlara getmək məsələsi, təbii ki, insanların daha çox kənara yayılması Bakıda yaranan sıxlığı azalda bilər: "Bu, özü-özlüyündə rasional təklifdir. Amma bu, bütövlükdə problemin həll yolu deyil. Rayonlara getmək üçün bəlli vəsait də lazımdır. Bunun üçün ilboyu insanlar çalışır və vəsait toplayır, daha sonra rayonlara üz tuturlar.

Amma bir məsələ də var ki, biz rayonlarda insanlara çalışmaq mühiti yaratsaydıq, insanların çoxu paytaxta üz tutmazdı. Ona görə də, onları geri qaytarmaq və yaxud təşviq etmək çətin məsələdir. İnsanlar bir həftəlik və ya 10 günlük rayonlara üz tuta bilərlər. Heç də hamının maddi rifahı imkan vermir ki, rayonda özlərini təmin edə bilsinlər".

Deputat BAKU.WS-ə əlavə etdi ki, virusun yayılmaması üçün qapalılıq əsas şərtdir: "Yay aylarında insanları evə qapatmaq da problemdir. Çünki elektrik enerjisi və digər sərfiyyatlar artacaq. Hər-halda ağır bir vəziyyətdir. Bunun necə tənzimlənəcəyini proqnozlaşdıra bilmirəm. İnsanlar bütün hallarda virusun yayılmaması üçün fədakarlığa hazır olmalıdırlar.

Rayonlara insanların getməsi üçün maneələrin aradan qaldırılmasını tənzimləmək çətindir. Çünki kimin hansı məqsədlə rayonlara üz tutmasını müəyyənləşdirmək olmur. Bəzən insanlar öz evləri və həyətlərində sakit otura bilərlər. Lakin mütləq şəhəri tərk etmək və təbiətdə vaxt keçirmək istəyirlər. Bəzən insanın, həqiqətən, buna ehtiyacı olur, bəzən isə insanlar elə-belə bunu edir, sadəcə kənarda vaxt keçirirlər. Gəzinti və müəyyən dərəcədə yerdəyişmə vaxt öldürməyə hesablanır.

Lakin burada səhiyyə turizmi də var. Məsələn, kimsə Naftlana və başqa yerlərə müalicə üçün gedə bilər. Bu, özü-özlüyündə zəruridir və insanları anlamaq lazımdır. Lakin bəzən bu, zəruri olmur. Belə olan halda əgər rayonlara getməyi stimullaşdırsaq, hamı ora-bura getməyə başlayacaq və virusun yayılmasına səbəb olacaq".

BAKU.WS