Bakı metrosu açıldıqda sərnişinlərə bu qadağa tətbiq ediləcək - CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

Bakı metrosu açıldıqda sərnişinlərə bu qadağa tətbiq ediləcək - CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ
Sosial 3975

Artıq may ayının 4-dən bir çox iş yerləri açılıb. Bununla da ictimai nəqliyyata olan tələbat artıb. Bakı metropoliteninin işləməməsi də sərnişin avtobuslarında basabasa səbəb olub.

Xüsusilə PİK saatlarda vəziyyət daha gərgin olur. Bununla da Bakı metrosunun fəaliyyətinin vacibliyi önə çıxır.

Bakı Metropoliteni açılandan sonra vəziyyət necə olacaq? Metronun fəaliyyəti necə tənzimlənəcək?

Koronavirusun yayılma təhlükəsinin qarşısını almaq üçün metroda hansı tədbirlər həyata keçiriləcək?

BAKU.WS məsələ ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.

Baş infeksionist Cəlal İsayev BAKU.WS-ə bildirib ki, metro açılarsa, birinci növbədə vətəndaşlar özlərini qorumalıdırlar.

“İlk öncə sərnişinlər metrodan istifadə edərkən mütləq tibbi maskalardan istifadə etməlidirlər. Adi tibbi maska da istifadə edilə bilər. Metroda mütəmadi dezinfeksiya işləri aparılmalıdır.

Sərnişinlər də metroda olarkən əlləri ilə üzə, ağıza, buruna, gözə toxunmamalıdırlar. Metrodan çıxandan sonra mütləq əllərini sabunlu su ilə yumalıdırlar. İmkan daxilində dezinfeksiya vasitələrindən istifadə etməlidirlər”, - deyə Cəlal İsayev bildirib.

Nəqliyyat üzrə ekspert Azər Allahverənov BAKU.WS-ə açıqlamasında bildirib ki, Bakı metrosu açılandan sonra bir çox zəruri tədbirlər həyata keçirilməlidir.

“Eskalatorlarda, qatarlarda və insanların çox ola biləcəyi yerlərdə zəruri dezinfeksiya işləri aparılmalıdır. Terminallarda insanların məsafə saxlaması üçün xüsusi tədbirlər görülməlidir.

Aidiyyətli qurumlar bununla bağlı təlimatlar və tədbirlər planı həyata keçirilməlidir.

Qatarlar gündə bir neçə dəfə dezinfeksiya edilməlidir. Qatarların içində və platformalarda dezinfeksiya qurğuları qoyulmalıdır”, - deyə ekspert bildirib.

Azər Allahverənov həmçinin deyir ki, sərnişinlərin də üzərinə böyük məsuliyyət düşür:

“Sərnişinlər metroya maska ilə daxil olmalıdırlar. Qatarlarda və metronun içində bacardıqları qədər məsafə saxlamalıdırlar.

Buna nəzarət etmək çox çətin prosesdir. Xüsusi qaydalara əməl edilməsi məcburi olsa belə, buna nəzarət etmək olmur. Bu, insanların məsuliyyətindən irəli gələn işdir.

Bundan başqa, metropoliten işçiləri maarifləndirici tədbirlər həyata keçirməlidir. Çalışmalıdırlar ki, metrodan çox istifadə etməsinlər. Digər nəqliyyat vasitələrindən də istifadə etsinlər”.

Məsələ ilə bağlı Bakı Metropoliteninin sözçüsü Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, metro işə başlayandan sonra TƏBİB-in göstərişləri əsas götürüləcək.

“TƏBİB-in göstərişlərinə görə, bundan sonra metro açılan zaman ora tibbi maskasız daxil olmaq qadağan ediləcək.

Sosial məsafənin qorunması həmişəki kimi çox vacib məsələdir. Amma burada metropolitençilərin sərnişinlər üçün xüsusi sədlər qoyması mümkün deyil.

Burada ancaq sosial məsuliyyət məsələsi gündəmə gəlir.

Sənişinlər çalışmalıdırlar ki, lazım olmadıqca metroya daxil olmasınlar. Koronavirusla mübarizə apardığımız günlərdə hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

İnzibati cəza metodları, cərimə üsulları və texniki maneələrdən çox insanların sosial məsuliyyəti vacib məsələdir.

Əgər "biz birlikdə güclüyük" deyib virusla mübarizə aparırıqsa, hər kəs öz məsuliyyətini dərk etməlidir”, - deyə qurum rəsmisi bildirib.

Bəxtiyar Məmmədov onu da vurğulayıb ki, burada Bakı metropoliteni xeyrini, gəlirini güdmür:

“Metro datasiya ilə işləyən müəssisədir. Lakin bu anda əsas məsələ insanların sağlamlığıdır. Metro açılsa da metro işçiləri də polis, həkim və digər işçilər kimi koronavirusla üz-üzədir.

Metropoliten hansı formada işləyəcək, necə işləyəcək, açılacaqmı, nə zaman açılacaq kimi suallara Operativ Qəragahda cavab axtarırlar.

Orada müzakirələr aparılır. Operativ Qərargahın qəbul etdiyi qərardan asılı olacaq”.

Oxşar xəbərlər

Son xəbərlər