Karate üzrə Azərbaycanın ilk çempionlarından biri İlyas Xəlilov Moskvadan qayıtdıqdan sonra paytaxtdakı məşhur otellərin birində - "Qafqaz Baku City Hotel"ində uşaqları ilə birgə karantinə alınıb.

BAKU.WS xəbər verir ki, idmançı "Sputnik Azərbaycan"a karantin müddətinin necə keçməsi və prosesin onun gimnast oğulları - Hüseyn və Əliyə psixoloji cəhətdən necə təsir etməsi barədə danışıb.

Xəlilov martın 16-da uşaqları ilə Novosibirskdəki təlim-məşq toplanışına yollanıb. Onların martın 27-nə qayıdış bileti olsa da, Azərbaycan ilə Rusiya arasındakı sərhədlərin bağlanmasına görə uçuşları ləğv edilib. Ailə Moskvaya getməli olub və aprelin 2-də xüsusi reyslə vətənlərinə uçmaq məcburiyyətində qalıb.

"Bizim təyyarədə yoluxan olmayıb. Bakıya endikdən sonra bizim üçün ayrılmış iki otaqlı karantin otelinə göndərdilər. Əvvəlcə uşaqlar bir qədər vahiməyə düşdülər. Çünki nə mən, nə də onlar bu cür vəziyyətin şahidi olmamışdıq, ancaq sonra sakitləşdilər. Onlar sosial şəbəkələrdə illərlə dost olduqları idmançıları izləyirlər. Onların çoxunun da karantində olduğunu görəndə bir qədər sakitləşdilər", - deyə Xəlilov bildirib.

Uşaqlar üçün ən böyük arxayınlıq və hətta bir növ təşviq o oldu ki, onlar kimi dünya karate sənətinin incisi Rafael Ağayev və fəaliyyətlərini yaxından izlədikləri rus gimnastı Nikita Naqornıy da karantindədirlər. Xəlilovun sözlərinə görə, uşaqlar idmançıların otel otaqlarında necə məşq etdiklərini gördülər və nümunə götürməyə qərar verdilər.

"Bilirdim ki, Azərbaycana gəldiyimiz zaman bizi karantinə göndərəcəklər. Buna görə də hər şeyi əvvəlcədən hazırladım. Uşaqların idman oynamağa davam etmələri üçün gimnastika avadanlıqlarının evdən otelə gətirilməsini xahiş etdim. Gündəlik həyatda bizə yalnız çölə çıxmağımıza icazə verilmir. Uşaqlar xarici bir müəllimlə ingilis dilini məşğul olur, ev tapşırıqlarını onlayn hazırlayırlar, üç saat məşq edib sonra yatırlar. Buna görə də sıxılmağa vaxtları yoxdur", - deyə idmançı əlavə edib.

Belə oldu ki, məlum səbəbdən övladlarının iştirak edəcəyi müxtəlif ölkələrdə keçirilən bir çox yarışlar, təlim-məşq toplanışları ləğv edilib. İndi onlar təlim-məşq toplanışının başladığı Çinə getməli idilər.

İdmançı karantində onlar üçün yaradılan şəraitdən tamamilə razı olduğunu etiraf edib və hər şeyin belə yüksək səviyyədə olacağını gözləmədiyini bildirib. Onlar gündə bir neçə dəfə qidalanırlar. Xəlilovun sözlərinə görə, o qədər yemək var ki, bəzən hətta yeməkdən imtina edirlər.

"Bizimlə birlikdə oteldə çox sayda insan var və hər kəsə eyni diqqət göstərilir. Dəhlizə çıxmırıq, gün boyu otaqda otururuq. Gündə üç dəfə tempraturumuz ölçülür. Heç bir əlamətimiz yoxdur və burada olanlardan kimdəsə koronavirus aşkarlandığını eşitməmişəm. İndiyə qədər gəlişimizdən bir həftə keçib. Dövlət tərəfindən təsdiqlənən 14 günlük minimum karantin rejiminə riayət edəcəyik", - deyə İlyas Xəlilov qeyd edib. 

BAKU.WS