SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gündən Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı bir sıra tələblər aradan qaldırılıb. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

BAKU.WS-in məlumatına görə, ləğv edilən qadağalar arasında toy və şənliklər, o cümlədən iri ticarət mərkəzləri ilə bağlı tələblər də var.

Azərbaycan ərazisində xüsusi karantin rejimi 2023-cü il mayın 1-də başa çatır. Xüsusi karantin rejiminin bitməsinə bir aydan bir qədər çox müddət qalmasını nəzərə alsaq növbəti mərhələdə quru sərhədlərlə bağlı qərarın qəbul edilməsi maraqla gözlənilir.

Sosial şəbəkələrdə müzakirələr zamanı da mayın 1-də quru sərhədlərin açılmasından bəhs edilir. Məsələnin aktuallığını nəzərə alsaq millət vəkili Vüqar Bayramova müraciət etdik və quru sərhədlərin açılmasının nə qədər real olmasını öyrənməyə çalışdıq.

Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, Azərbaycanın quru sərhədlərinin açılması hazırda müzakirə edilən məsələlərdəndir: "Nəzərə almaq lazımdır ki, quru sərhədlərin bağlanması pandemiya ilə əlaqədar olub. Hazırda xüsusi karantin rejimi ilə əlaqdar bir çox məhdudiyyətlər aradan qaldırılıb. Təklif edirik ki, Operativ Qərargah qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq quru sərhədlərin mərhələli şəkildə açılması ilə bağlı qərar qəbul etsin.

Hazırda bir sıra ölkələrdə, o cümlədən qardaş Türkiyə və qonşu Gürcüstanda praktik olaraq epidemioloji vəziyyət nəzarət ediləcək həddədir. Azərbaycanın Türkiyə ilə quru sərhədi açıqdır. Lakin Naxçıvanda qeydiyyatda olan vətəndaşlarımız Türkiyəyə gedə bilirlər.

Təklifimiz budur ki, Türkiyə və Gürcüstanla quru sərhədlər qısa zaman kəsiyində açılsın. Daha sonra digər qonşu ölkələrdə epidemioloji vəziyyətə uyğun olaraq həmin ölkələrlə quru sərhədlərin açılması müzakirə edilə bilər. Hazırda Türkiyə və Gürcüstanla Azərbaycanın strateji əlaqələri və yoluxma sayları nəzərə alınmaqla quru sərhədlərin açılması məqsədəuyğun ola bilər".

Orxan Hüseyn
BAKU.WS