SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyada sürətlə yayılan “Delta” ştammı bu günə qədər 85 ölkədə aşkarlanıb. Qripə bənzəyən virusun bu növünün əsas əlamətləri baş, boğaz ağrısı, burun axıntısı, bəzən də öskürəkdir.

Mütəxəssislərin sözlərinə görə, bu, indiyədək yayılan ən təsirli mutasiyadır.

Qonşu ölkələrdən Türkiyədə “Delta”, Rusiyada isə “Delta plus” ştammı aşkarlanıb. Vəziyyət belə olan halda virusun ölkəmizdə yayılma ehtimalı olması ciddi narahatlıq yaradıb.

Məsələ ilə bağlı BAKU.WS-ə müsahibə verən tibb elmləri doktoru, professor Adil Qeybulla bu ştammın Azərbaycana gəlmə ehtimalının real olduğunu bildirib:

“Bu, qlobal pandemiyadır. İstənilən ştammın Azərbaycana gəlmə ehtimalı realdır. Necə ki, artıq qonşu ölkələrdə var.

Məsələn, qonşu Rusiyada da artıq “Delta plus” ştammı tüğyan edir. Bu ştammın ölkəmizdə də olma ehtimalı var. Bu xəstəlik yoluxucudur.

“Sars 2” virusunun bu ştammı, yəni “Delta” çox yoluxucu olduğu üçün Azərbaycanda olması və yayılması tam real görünür.

Nə qədər ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) karantin qaydalarına son verməyib, biz də bu qaydalara əməl etməkdə davam etməliyik.

İnsanlar nəzərə almalıdır ki, karantin qaydalarının yumşaldılması yaxud sərtləşdirilməsi onların qaydalara hansı formada riayət etməsindən asılıdır”.

Qeyd edək ki, Hindistanda meydana gələn “Delta” ştammı mutasiyanın digər növlərinə nəzərən 60 faiz daha sürətlə yoluxdurur.

Bu ştamm yayıldığı ölkələrə görə simptom fərqlilikləri göstərə bilir. Delta plus” ştammı isə “Delta” ilə oxşardır. Sadəcə ona nəzərən yoluxdurma qabiliyyəti daha yüksəkdir.

BAKU.WS