VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əgər epidemiya təhlükəsi artırsa, insanın sağlamlığından vacib heç nə ola bilməz. Bu istiqamətdə də atılan addımları normal qarşılamaq lazımdır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, bütün hallarda hökumət evinə qapatdığı insanlara vəsait verə bilmirsə, bu qaydanı tətbiq etmək olmaz:

"Ancaq maska və gigiyenik qaydaları sərt tələb etmək və dərhal cəzalandırmaqla məsələni müəyyən dərəcədə həll etmək mümkündür. Çünki tələbkarlıq artarsa, narahatedici proseslər ortadan qalxa bilər. Bu baxımdan qərar qəbul edərkən bütün hallarda bu məsələ üzərində düşünmək lazımdır.

Amma vəziyyət çox ciddiləşərsə, sms icazə sisteminin tətbiq olunmasına gedilə bilər. Lakin vəziyyət nə qədər sərt olursa-olsun, insanları evə qapatmaq onları yoxsulluğa qapatmaq deməkdir.

Fikrimcə, SMS icazə sisteminin tətbiqi uğursuz məsələlərdən biridir. Çünki buna nəzarət etmək olmur. Polis əməkdaşları da burada ağır vəziyyətə düşür. Əgər hamıya icazə verilirsə, polis əməkdaşlarının saatlarla yolda post qurub onları yoxlaması mənasızdır. Ancaq insanların temperaturu yoxlana bilər. Yəni müəyyən olmalıdır ki, vətəndaş xəstədir, ya sağlamdır. Xəstə olan insanın sənədini yoxlayıb şəhərə buraxmağının nə mənası var? Buna görə sms icazə sisteminin tətbiqinə yol vermək olmaz".

Orxan Hüseyn
BAKU.WS