Sürət qatarından istifadə edənlərin NƏZƏRİNƏ! - Bu tarixdən qiymətlər artır

Sürət qatarından istifadə edənlərin NƏZƏRİNƏ! - Bu tarixdən qiymətlər artır
Sosial 229

"25 sentyabr tarixindən Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada yeni qiymət siyasəti tətbiq ediləcək".

Bunu BAKU.WS-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, ADY-nin tətbiq etdiyi məsafə əsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0.40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir:

"Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0.10-0.20 AZN arası artırılacaq. Bütün bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və tətbiq olunan yeni qiymət siyasəti daha təhlükəsiz və keyfiyyətli xidmət təqdim etməyə yönəlib".

Qeyd edək ki, 2024-2025-ci tədris ilinin başlaması ilə əlaqədar sərnişindaşımada artan tələbatın təmin olunması, sərnişinlərin vaxtında və təhlükəsiz mənzilbaşına çatdırılması, eləcə də xidmət keyfiyyətinin təmin edilməsi məqsədilə ADY tərəfindən reyslər üzrə mütəmadi reydlər həyata keçirilib, bütün vağzal və stansiyalarda təmir və abadlıq işləri aparılıb, bələdçilər, kassir və kassir-nəzarətçilərin təlimlərə qatılması təmin edilib, Abşeron dairəvi dəmir yolu xətti üzrə infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə proflaktik işlər görülüb, qatarların yeni hərəkət qrafiki tərtib edilib.

Fasiləsiz və keyfiyyətli fəaliyyəti təmin etmək məqsədilə qatarlara Bakı lokomotiv deposunda plandankənar baxış keçirilib, aidiyyəti texniki və estetik təmir işləri aparılıb, vağzal və stansiyalarda yanğın təhlükəsizliyi sistemi, elektrik qurğu və cihazlarının yoxlanılması həyata keçirilib, platformalarda yanğın nasosları yoxlanılıb.

Görülmüş bütün bu işlərin nəticəsi olaraq yeni tədris ilindən Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlarla gündəlik rekord sayda - təqribən 37 min sərnişin daşınır.

Son xəbərlər