Xalq artisti Hacı İsmayılovun 81 yaşı tamam olur

Xalq artisti Hacı İsmayılovun 81 yaşı tamam olur
Foto
Mədəniyyət 162

Bu gün Xalq artisti, görkəmli aktyor Hacı İsmayılovun doğum günüdür. Onun 81 yaşı tamam olur.

İsmayılov Hacı Məcid oğlu 1944-cü il yanvarın 22-də Bakıda doğulub.

O 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppada fəaliyyətə başlayıb.

Bu teatrda M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A. Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C. Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H. Cavidin "Xəyyam" faciəsindəki İkinci Qulam rolunu alıb.

"Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 22 aprel 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.

Aktyor prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb. 21 yanvar 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur.

Hacı İsmayılovun filmoqrafiyası "Atayevlər ailəsi"(1978), "Babamızın babasının babası"(1981), "Bəyin oğurlanması"(1985), "Fəryad"(1993), "Güzgü" (1990), "Həm ziyarət, həm ticarət..."(1995), "Qonşu qonşu olsa..."(1989), "Məşədi İbad-94"(2005), "Ölsəm... bağışla"(1989), "Ulduz"(1964), "Təxribat"(1989) kimi ekran işləri ilə zəngindir.

Hacı İsmayılov 25 il əvvəl, 2000-ci ildə Azərbaycanın "Xalq artisti" adına layiq görülüb.

Xalq artisti 2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavinidir.

Ailəlidir, iki övladı və üç nəvəsi var.

Son xəbərlər