Gəncədə partlayışda xəsarət alanların son durumu açıqlandı
Gəncədə partlayış nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 18-də Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar üç nəfər (biri kişi, ikisi qadın cinsli olmaqla) saat 7:10-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
"Onlara zəruri tibbi xidmətlər göstərilib. Bir nəfərin (kişi cinsli) vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi isə davam etdirilir, vəziyyətləri stabildir", - deyə məlumatda bildirilir.
***09:08
Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
FHN-in Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Qalereya
***09:05
Gəncə şəhərində yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.
Hadisə zamanı həmçinin 6 nəfər xəsarət alıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
***08:16
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, İsaq Cəfərov küçəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Sumqayıtda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi
Sumqayıtda yaşayış binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasını...