SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Bizə "Günəşli" yatağından yeni xəstələrin gətiriləcəyi barədə heç bir məlumat verilməyib. Deyiblər ki, cəmi 31 yaralı var və onlar üçün lazım olan hər cür tibbi yardımı göstərin". 

BAKU.WS-in məlumatına görə, bunu Sputnik-in "Sizə yanğının baş verdiyi platformadan yeni yaralıların gətirilə biləcəyi barədə hər hansı məlumat verilibmi?"  sualına cavabında Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyli deyib. 

"Xilasetmə işləri başlayandan dərhal sonra bizə xəbər verdilər ki, xəstəxanaya yaralılar gətiriləcək və hamı işdə olsun. Biz də dərhal xəstəxananın bütün tibbi personalını işə çağırdıq. Lazım olan bütün tibbi vəsaitlər, dava-dərmanlar xəstəxanaya gətirildi. Biz hadisəyə tam hazırlıqlı vəziyyətdəyik. Amma bu 31 nəfərdən əlavə xəstənin gətirilmə ehtimalı barədə bizə heç kəs heç nə deməyib", — deyə xəstəxananın baş direktoru əlavə edib.

O, həmçinin qeyd edib ki, dünən müayinədən sonra evə buraxılan 22 nəfər sabah (7 dekabr) üçün yenidən xəstəxanaya çağırılıb.

"Yaralılardan 8-nin vəziyyəti ağır olduğu üçün onlar xəstəxanaya Təcili Tibbi yardım maşınlarında, 23 nəfər isə Bədəl Bədəlovun müşayiəti altında SOCAR-a məxsus avtobusla gətirilib. Yaralılardan biri yanıq diaqnozu ilə Respublika Yanıq Mərkəzinə göndərilib. 22 nəfər ilkin müayinədən keçdikdən və tibbi yardım aldıqdan sonra evə buraxılıb. Amma onların hamısı hadisədən şok keçirib. Hesab edirik ki, onların psixonevroloqların yardımına ehtiyacı var. Odur ki, bu şoku adlamaları və yenidən normal həyata dönmələri üçün sabahdan MNX-nin həkimləri onlarla işləyəcək", — deyə Seyidzadə bildirib.

Qeyd edək ki, "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində təxliyə olunanlardan 31 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib.

Xəstələrdən 22 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

8 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Yanıq xəsarətləri ilə daxil olmuş bir nəfər isə Respublika Yanıq Mərkəzinə göndərilib.
 
BAKU.WS