Azərbaycandakı bacı və qardaşlarımızdan gələn dəstək mesajları bizi heyrətə gətirdi - İsrail səfiri - VİDEO

Azərbaycandakı bacı və qardaşlarımızdan gələn dəstək mesajları bizi heyrətə gətirdi - İsrail səfiri - VİDEO
Video
Video 2

Oktyabrın 7-si Holokostdan sonra yəhudi tarixində ən qara gün kimi yadda qalacaq.

Trend xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

"HƏMAS terrorçuları qadınlarımızı və kişilərimizi, oğullarımızı və qızlarımızı öldürmək, zorlamaq və qaçırmaq üçün İsrailin cənubundakı şəhərlərimizi zəbt edərək, raket atdığı zaman sürpriz bir müharibə başladı. 700-dən çox israilli ölüb, 100-dən çox adam qaçırılıb və 2000-dən çox insan yaralanıb", - səfir qeyd edib.

Onun sözlərinə görə, hücum vaxtı sürpriz olsa da, qəddarlıq sürpriz deyildi:

"HƏMAS bir soyqırımı təşkilatıdır, onun liderləri açıq şəkildə bütün yəhudilərin öldürülməsindən danışır. Bu, onların nizamnaməsində yazılıb. Nifrət "mədəniyyəti" bu barbarlığın səbəbidir.

Bu gün baş verənlər İsraildə görünməmiş bir hadisədir və biz bunun bir daha baş verməyəcəyinə əmin olacağıq.

İsrail ordusu HƏMAS-ın imkanlarını məhv etmək üçün dərhal bütün gücünü işə salacaq. Biz HƏMAS təhlükəsini aradan qaldıracağıq. Bu müharibədir".

"Təəssüf ki, bu, İsrail tarixində faciədən qalxmalı olduğumuz ilk müharibə olmayacaq. Əvvəllər də hücuma məruz qalırdıq, sayca az idik, qəfil yaxalanırdıq.

Biz Yom Kippur müharibəsinin 50 illiyini qeyd etdik, o müharibənin ki, Ərəb dünyasının orduları İsraili işğal etmək istəyirdi. Sonda İsrail ordusu Qahirə və Dəməşqin qapılarında idi. Bu dəfə də Yaxın Şərq reallığını dəyişəcəyik", - o əlavə edib.

Səfir vurğulaylb ki, qan vermək üçün gözləyən yüzlərlə israilli var:

"Yüzlərlə israilli ehtiyac anlarında cənubda yaşayan xalqına kömək etmək üçün könüllü olaraq çalışır. Orduya qoşulmaq və ədalət uğrunda döyüşmək üçün dünyanın hər yerindən geri uçan insanlar var. Biz öz ailəsini, torpağını qoruyacaq şir millətiyik. Biz qərarlıyıq. Biz birik. Və biz qalib gələcəyik".

C.Dik qeyd edib ki, Azərbaycandakı bacı və qardaşlarımızdan gələn dəstək mesajları onları heyrətə gətirib:

"Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlardan nə qədər mesaj, məktub və zəng aldığımızı saymağı dayandırdım. Səfirliyin darvazasına gül dəstələrinin düzülməsi isə, doğrudan da, ürəkaçandır.

İsrail xalqı adından Azərbaycan xalqına demək istəyirəm ki, siz bizim qəlbimizə toxundunuz, sağ olun!"

Səfir beynəlxalq ixtimaiyyətə çağırış edib:

"Beynəlxalq ictimaiyyətə deyirəm: Bu, yaxşı ilə şərin, doğru ilə batilin savaşıdır. Doğru tərəfdə olduğunuzdan əmin olun və İsrailin özünü müdafiə etmək hüququnu bütün lazımi vasitələrlə dəstəkləyin. Bu müharibə uzun sürəcək, çətin olacaq – amma biz etməli olduğumuzu edəcəyik və sülhü geri qazanacağıq".

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Son xəbərlər