VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışında iştirak ediblər.

Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər.

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Mingəçevir "ASAN Həyat" kompleksi barədə dövlətimizin başçısına və xanımına ətraflı məlumat verdilər.

Məlumat verildi ki, Mingəçevir "ASAN Həyat" kompleksi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 13-cü mərkəzidir.

Şəhərin Zərifə Əliyeva prospekti-2 ünvanında yerləşən və öz möhtəşəmliyi ilə seçilən kompleksin binasının tikintisinə 2017-ci ildə başlanılıb. İnşaat işləri 2018-ci ilin fevralında başa çatdırılıb. Kompleks üçmərtəbəli inzibati binadan və üç ictimai iaşə obyektindən ibarətdir.

Mingəçevir "ASAN Həyat" konsepsiyası Mingəçevir "ASAN xidmət" mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. "ASAN Həyat" kompleksi vətəndaşların rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir. Kompleksin kinoklubunda Azərbaycan filmləri ilə yanaşı, xarici ölkələrin ekran əsərləri də nümayiş etdiriləcək.

BAKU.WS