SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı-Quba-Rusiya sərhəd yolunun böyük bir hissəsi sıradan çıxıb.
 
BAKU.WS-in məlumatına görə, bir neçə ildir əsaslı təmir işləri aparılmasına baxmayaraq yolun asfalt qatı və beton olan hissəsi dağılır. 

Rəsmi qurumlar bu problemin yaranmasını yük maşınlarının normadan artıq yüklənməsi ilə əlaqələndirirlər. Bu səbəbdən də avtomobillərin hərəkətində problemlər yaranır. Oxucumuz Ayxan Qadaşovun bizə göndərdiyi görüntülər Bakı-Quba-Rusiya sərhəd yolundakı son vəziyyəti gözlər önünə sərir.
 
Milyonlarla dollar xərclənərək salınan yollar Avropa ölkələrində minimum 20 il istismar olunur. Hətta Almaniyada 50 il əvvəl salınan yollar hələ də istismardadır və sıradan çıxmır. Təbii ki, Almaniyada da yük maşınları magistral yollarda hərəkət edir. Ancaq bizdəki kimi yollar qısa zamanda dağılmır. 
 
Praktika göstərir ki, yol çəkilişi adətən tender vasitəsi ilə özəl şirkətlərə həvalə olunur. Özəl şirkət təkliflərini irəli sürür və yolun istismar müddətini müəyyən edir. İstismar müddəti bitənə qədər həmin şirkət salınan yola cavabdeh olur və ortaya çıxan hər hansı nöqsanı aradan qaldırır. 
 
Azərbaycanda da bu cür təcrübələrdən istifadə etmək olar. Bu həm dövləti əlavə xərclərdən xilas edər, həm də daha uzunmüddətli yolların salınmasına imkan yaradar. 
 
Nazim Babayev
BAKU.WS