VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisindən Bakı şəhəri istiqamətinə doğru olan 11 kilometrlik hissəsində aparılan təmir-bərpa işləri yekunlaşıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, artıq yolun bu hissəsi tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Təmir-bərpa işləri Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində həyata keçirilib.

Təmir-bərpa işləri magistral yolun 119-130-cu kilometrlik hissəsində Nəqliyyat Nazirliyi və "Azəryolservis” ASC-nin rəhbərliklərinin nəzarəti altında aparılıb. Sözügedən ərazidə normadan artıq yüklənmiş ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsi deformasiyaya uğramış yolun hərəkət hissəsinin bərpası işləri görülüb. İşlər aparılan zaman həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılmışdı.

Aparılmış təmir-bərpa işləri çərçivəsində sözügedən ərazidə qazma-dolma və torpaq işləri görülüb, bundan sonra yola alt və üst qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Sözügedən yolda hərəkətin intensivliyi nəzərə alınaraq işlər qısa müddət ərzində yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Bunun üçün əraziyə Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunmuşdu.

Görülmüş işlər nəticəsində yolun hərəkət hissəsinin eni 1,5 metr genişlənib. Yol kənarında təqribən 3 metr enində çiyin yaradılıb. Bundan başqa yolun ayrıcı zolağında olan əyrixətli dəmir tirlər beton arakəsmə ilə əvəzlənir. Beton plitələr üzərində təkərqaytaranların mövcudluğu sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından çox önəmlidir. Artıq təmir olunmuş yolun bir hissəsinə bu cür beton arakəsmələr qoyulub və bu işlər davam etdirilir.

Ziya Səccad
BAKU.WS