VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Ələt-Astara-İran magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisini yekunlaşdırmaq üzrədir.

BAKU.WS xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, layihə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-cü kilometrlik hissəsindən başlayaraq 3,05 km-lik hissəsini əhatə edir.

Birinci texniki dərəcəyə uyğun olaraq inşa edilən, eni 26,5 metr, ayrıcı zolağın eni dörd metr, hər birinin eni 3,75 metr olmaqla dörd hərəkət zolaqlı olan yolun çiyinlərinin eni 3,75 metr təşkil edir.

Məlumata görə, inşaat işləri ərazinin mürəkkəb geoloji şəraiti nəzərə alınmaqla aparılıb.

Yeni magistral yolun keçdiyi bəzi ərazilərdə vaxtilə çəltik becərildiyinə görə bataqlıq ərazi hesab olunduğu üçün əvvəlcə bu hissədə 25 sm dərinlikdə bitki qatı çıxarılıb, daha sonra bir metr dərinlikdə qazılıb və dörd mərhələ üzrə ələnmiş çaydaşı tökülərək kipləşdirilib.

Yolboyu 12 yerdə ümumi uzunluğu – 667 p/m təşkil edən dəmir-beton suötürücü qurğuların, mal-qara üçün uzunluğu – 44,7 p/m olan bir dəmir-beton keçidin, həmçinin uzunluğu 30 metr, eni isə 19,5 metr təşkil edən tunel tipli yol ötürücüsünün tikintisi aparılıb.

Ardıcıllığa uyğun olaraq avtomobil yolunun torpaq yatağı, yol əsasının alt və üst laylarının tikintisi yerinə yetirilib və aşınma qatı istisna olmaqla asfalt-beton işləri yekunlaşıb.

Sonuncu mərhələdə aşınma qatının döşənməsi, zəruri yol nişanları və məlumatverici lövhələrin quraşdırılması, həmçinin normal hərəkətin təşkili üçün yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri icra olunacaq.

Yeni magistral yolun sözügedən hissəsi İran İslam Respublikası ilə dövlət sərhədində tikilən yeni avtomobil körpüsünə birləşir.

Sözügedən üçaşırımlı körpüdə inşaat işləri yekunlaşsa da, hazırda suyun körpünün dayaqlarına ziyan vurmaması üçün körpü tənzimləyicilərinin inşası davam etdirilr.

Yeni körpünün uzunluğu 97,5 metr, eni isə 30,6 metr təşkil edir. Dörd hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha iki zolaq yaradılıb, həmçinin, hər birinin eni 2,5 metr olan iki piyada keçidi tikilib.

Qeyd edək ki, İran tərəfindən körpüyə yanaşma yolunun inşası davam etdirilir.

Məlumatda deyilir ki, “İnşaat Norma və Qaydaları”na əsasən, birbaşa Agentliyin rəhbərliyinin nəzarəti altında aparılan yolun və körpünün tikintisi Şimal-Cənub nəqliyyat dəhlizi üzrə qonşu ölkəyə, o cümlədən əks istiqamətdə gedən avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Bundan başqa, avtonəqliyyat vasitələrinin Astara şəhər mərkəzinə daxil olmadan hərəkətini təmin edəcək ki, bu da həm əhalinin, həm də yoldan istifadə edən sürücülərin rahatlığı və təhlükəsizliyi baxımından önəmlidir.

BAKU.WS
VİDEO

QALEREYA