SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron Rayon Mərkəzi Xəstəxanasında şənbə günü olmasına baxmayaraq, 6 qeydiyyatçı xəstəxananın giriş hissəsində, 2 qeydiyyatçı isə Radiologiya şöbəsində qeydiyyat prossesini icra edir.

Bu barədə BAKU.WS-ə TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bir çox müəssisələrdə qeyri-iş günü olması səbəbindən işləyən insanların şənbə günü tibb müəssisələrinə daha çox müraciəti müşahidə olunur.

"Abşeron Rayon Mərkəzi Xəstəxanasına tibb xidmət almaq üçün müraciət edən şəxslərin sayı 2500-3000 civarında dəyişir. Bu bir şəxsə 4-5 tibbi xidmətin göstərilməsi deməkdir. Bundan başqa, qeyd etməliyik ki, əksər vaxt pasiyentlər tibbi xidmət ehtiyacı olmayan yaxınları ilə birgə tibb müəssisələrinə gəlirlər. Bu da əlavə sıxlıq yaradır".

"Vətəndaşların xidmətlərə əlçatanlığının təmin edilməsi üçün hazırda onlar birbaşa ixtisaslı həkimə müraciət edir, artıq ailə həkiminə müraciət zərurəti yoxdur. İxtisaslı həkimdən yardım üçün isə çoxsaylı birbaşa müraciətlər var. Bunların əsasında da instrumental-laborator müayinələr artır. Bu da öz növbəsində bəzi xəstəxanalarda kifayət qədər çox növbə yaranmasına səbəb olur.

Həmçinin qeyd edək ki, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müarciətlər növbəsiz şəkildə qəbul olunur.

Sözügedən məsələni tənzimləmək üçün “e-tabib” tətbiqi vasitəsilə randevu və onlayn qeydiyyat sisteminin tətbiqi bu növbələrin qarşısını almağa hesablanıb.

Eyni zamanda, Abşeron Rayon Mərkəzi Xəstəxanasında da qeydiyyat və gözləmə yeri genişləndirilir, elektron tablolar qurulur. Yaxın günlərdə proses başa çatdırılacaq.

Onu da diqqətə çatdırmaq istəyirik ki, vətəndaşlarımız birbaşa ixtisaslı həkimlərə müraciət etmək əvəzinə, növbələrdən xilas olmaq üçün poliklinikalar üzrə təhkim olunmuş ailə həkimlərinin qəbulunda ola bilərlər. Ailə həkimləri onların sağlamlıqları ilə bağlı problemləri düzgün şəkildə müəyyənləşdirərək ixtisaslı həkimlərə göndərəcəklər ki, bu da həmin şəxslərin vaxtlarına da qənaət edəcək".

***11:20

Abşeron rayon Mərkəzi xəstəxanasında ajiotaj yaranıb.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, altıncı gün olmasına baxmayaraq, xəstəxananın girişində insan izdihamı yaşanır.  

İddialara görə, buna səbəb qeydiyyat qarşısında yaranmış sıx növbədir. Xəstələrin sayının çox olmasına baxmayaraq, xəstəxanada cəmi bir qeydiyyatçının işləməsi izdihamın yaşanmasına səbəb olub.  

Qeyd edək ki, oxşar hadisə bir neçə gün əvəvəl 5 saylı şəhər kliniki xəstəxanasının qarşısında da baş verib. İcbari tibbi sığorta xətti ilə xəstəxanaya üz tutan sakinlər çətinliklə üzləşiblər. Onlar həkim qəbuluna düşmək, müayinədən keçmək üçün səhər saatlarından növbədə dayanıblar.

Həmin görüntüləri təqdim edirik:

Banu Hüseynli
BAKU.WS
VİDEO