VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin deputatları Azərbaycan Televiziyasını (AzTV) ittiham ediblər.

BAKU.WS xəbər verir ki, deputat Əziz Ələkbərli feysbuk hesabında AzTV-də yayımlanan “Əsas məsələ” verilişi ilə bağlı status paylaşıb.

Deputat paylaşımda “Bu gün AzTV-də “Əsas məsələ” verilişinə baxdım, Qərbi Azərbaycanla bağlı söhbətləri dinlədim və verilişin səviyyəsizliyinə heyrət elədim. AzTV rəhbərliyinə və verilişin müəlliflərinə bir məsləhətim var: Qərbi Azərbaycan mövzusunu bu qədər bayağılaşdırmayın və kanalı bu qədər gözdən salmayın!” sözlərini qeyd edib.

Maraqlıdır ki, bir müddət sonra deputat Əziz Ələkbərli sonradan öz hesabından yazdığı statusu silib.

Buna cavab olaraq Azərbaycan Televiziyası öz rəsmi feysbuk hesabında “AzTV-də yayımlanan veriliş əslində niyə qıcıq doğurdu?” başlıqlı açıqlama yayıb.

Açıqlamada deyilir:

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin deputat Əziz Ələkbərlinin 22.09.2022-ci ildə AzTV-də yayımlanmış “Əsas məsələ” verilişi ilə bağlı fikirlərinə münasibəti:

“Ötən axşam (22.09.2022) AzTV-də yayımlanan “Əsas məsələ” verilişində Milli Məclisin deputatı Anar İsgəndərov, tarixçi alimlər Nəsiman Yaqublu, Şikar Qasımov və hərbi-siyasi ekspert Telman Qasımov çıxış edərək qədim Azərbaycan ərazisi Zəngəzurun toponimləri, tarixi yer adları ilə bağlı fakt və xəritələr əsasında maraqlı müzakirə ortaya qoyublar.

Lakin, görünür, verilişdə deyilənlər və ən əsası, Zəngəzurun tarixi Azərbaycan ərazisi olması ilə bağlı səsləndirilən faktlar kimlərinsə ürəyincə olmayıb. Əcəba niyə? Belə verilişləri “bayağı” adlandırıb əsassız tənqid etmək, AzTV-nin ünvanına təhqirlər yağdırmaq bir nəfərin, həm də hörmətli millət vəkilinin, konkret olaraq Əziz Ələkbərlinin, görəsən, niyə xoşuna gəlməyib?

Araşdırdıq.

Məlum oldu ki, Əziz müəllimin verilişə dəvət olunan qonaqlardan biri ilə (hərbi-siyasi ekspert Telman Qasımovla), yumşaq desək, münasibəti yoxdur. Odur ki, həmin adamı ekspert kimi qəbul etməyən millət vəkili acığını AzTV-dən və verilişdən çıxmaq qərarına gəlib və “Əsas məsələ”də qaldırılan mövzunu (Zəngəzur), aparılan müzakirələri (Zəngəzurun tarixi Azərbaycan ərazisi olması reallığını) “səviyyəsiz” adlandırıb.

Əks halda:

1. Bir millət vəkili sözünü, tənqidini əsaslı və faktlar əsasında deyər, ümumi sözlərdən
yararlanmazdı;

2. Bir millət vəkili sözünü bayağı formada yox, ən azı deputat adına və nüfuzuna uyğun etik normalar çərçivəsində deyərdi, məsləhət verərdi;

3. Bir millət vəkili belə müzakirələrə açıq olar və dəvət olunanda min bir bəhanə ilə verilişlərdən yayınmazdı.

Ən nəhayət, Əziz Ələkbərli, yaxşı olar ki, hər hansı məsələyə şəxsi prizmadan, hikkə ilə və ambisiya dolu yanaşmaqdansa, deputat mandatına uyğun işlər görün, vətəndaşların arzu və istəklərini, problemlərini araşdırıb, həllinə çalışın. Yox, əgər media eksperti və ya alim kimi söz deyirsinizsə, əsaslı fakt və arqumentlərə söykənərək, təhqirsiz, etik normalara uyğun fikir bildirin.

AzTV komandası sağlam tənqidə hər zaman açıqdır”.

Verilişdə iştirak edən qonaqlar da Əziz Ələkbərlinin fikirlərinə münasibət bildiriblər.

Millət vəkili Anar İsgəndərov həmkarı Ə.Ələkbərlinin qərəzli olduğunu düşünür: “Əziz müəllimin yazdığından belə başa düşdüm ki, deyir, Qərbi Azərbaycan mövzusu onun kurasiyasındadır. Mən Qərbi Azərbaycanla bağlı yazılar yazanda, problemləri dövriyyəyə cəlb edəndə Əziz müəllim bu siyasi partiyadan o partiyaya, o partiyadan bu biri partiyaya keçirdi. Azərbaycan Televiziyası bütün mövzulara, problemlərə çox uğurlu yanaşma ortaya qoyur. “Əsas məsələ” verilişi də həmçinin. Əziz müəllimin, ola bilsin ki, kiminləsə şəxsi incikliyi var, ya da TV-dən inciyib. AzTV onu da efirə çağırsın, görək o, Qərbi Azərbaycanla bağlı nə deyəcək? Ancaq mən bilirəm ki, biz dünən verilişdə nələr danışmışıqsa, Azərbaycan tamaşaçısı onu qiymətləndirir.

Əziz müəllimin yazdığında ədalətdən çox qərəzkarlıq var. Hər hansı bir ədəbiyyatçı bir tarixçinin fikrini təkzib eləmək istəyəndə, yaxud tənqid edəndə bir az düşünməlidir”.

Hərbi-siyasi ekspert Telman Qasımov Əziz Ələkbərlinin millət vəkili statusundan sui-istifadə etdiyini, hörmətsizlik nümayiş etdirdiyini bildirib: “Əziz Ələkbərli yazdığı ilə həm AzTV-yə, həm AzTV-nin kollektivinə, həm də verilişin qonaqlarına hörmətsizlik edib. O folklorçudur. Onun Azərbaycan tarixi ilə nə işi qalıb? Getsin folkloru ilə məşğul olsun. Hansısa tarixçi ilə bağlı açıqlama vermək onun işi deyil.

Əziz Ələkbərli kimdir ki? Nə olsun ki, millət vəkilidir? Statusundan istifadə edib niyə hörmətsizlik edir? Onu Qərbi Azərbaycan İcmasına rəhbər təyin etdilər, ondan sonra tamamilə dəyişdi, yetənə yetir, yetməyənə daş atır.

Hamıya deyir ki, Qərbi Azərbaycan mövzusu onun monopoliyasındadır. Onun düşüncəsinə görə, o olmayan yerdə heç kim Qərbi Azərbaycandan danışa bilməz. Əziz Ələkbərli getsin millət vəkilliyi ilə məşğul olsun. Dönsün keçmişinə baxsın, niyə məcbur edir ki, biz açıqlayaq?”

Tarixçi Şikar Qasımov Əziz Ələkbərlinin qısqanclıq etdiyi qənaətindədir: “Elə müzakirələr aparılan verilişi necə səviyyəsiz adlandırmaq olar? İctimaiyyəti maarifləndirmək üçün yerində olan proqramdır. Mən qonaqların çıxışında yersiz heç nə görmədim. Hətta Nəsiman müəllim arxiv sənəd gətirmişdi. Verilişdə Laçında bayraq qaldırılmasından danışdıq, laçınlı kimi sevincimizi ifadə etdik. Budur səviyyəsizlik? Hesab edirəm ki, burada qısqanclıq var. Yəqin, deyir ki, bura mənim sahəmdir, başqa adam girməsin. Elə şey olarmı?”

BAKU.WS
VİDEO