SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonundakı Tofiq Abbasov küçəsini son mərhələ üzrə əsaslı təmir edir.

BAKU.WS xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, təmir işləri küçənin Azər Manafov və Əli Vəliyev küçələri arasında yerləşən 640 metrlik hissəsində aparılır. Sözügedən küçənin təmir olunan hissəsinin eni ortalama 9 metr təşkil edir.

Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi, mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi işləri icra olunur. Sadalanan təmir işləri 8 min kv. metrə yaxın sahəni əhatə edib.

Əsaslı təmir işləri çərçivəsində Tofiq Abbasov küçəsinin Əli Vəliyev küçəsi ilə kəsişməsində hərəkətin rahat və təhlükəsizliyini təmin etmək məqsədi ilə hərəkət axınının istiqamətləndirilməsi üçün işlərin aparılması nəzərdə tutulur.

Bundan başqa sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin xüsusi parking yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6,25 km təşkil edən 9 küçə təmir edilir.

Agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5,5 km təşkil edən 7 küçə təmir edilib.

BAKU.WS
VİDEO

QALEREYA