SİZİN REKLAM BURADA!
055 213 76 73


17 oktyabr Gəncə terroru nəticəsində ağır yaralanan və dünən səhər saatlarında dünyasını dəyişən Rusiya vətəndaşı Artur Mayakov ilə vida mərasimi keçirilib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən vida mərasimi Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində baş tutub.

13 yaşlı Artur Mayakovun son mənzilə yola salınması ilə bağlı keçirilən vida mərasimində şəhər rəhbərliyi, rus icmasının nümayəndələri, şəhər sakinləri, Artur Mayakovun yaxınları və müəllimləri iştirak edib.

Kilsədə dualar oxunub, 13 yaşlı Arturun və Ermənistan ordusunun Gəncədə törətdiyi terror qurbanlarının xatirəsi anılıb.

Qeyd edək ki, Artur Mayakov Rusiya vətəndaşı olsa da uzun illər Gəncə şəhərində yaşayırdı. O, burada yaxınlarının himayəsində olub. Həmin gecə, yəni oktyabrın 17-i Ermənistan silahlı qüvvələri tərəfindən dinc insanların öldürülməsi məqsədi ilə Gəncə şəhərinə atılan balistik raket Mayakovun yaşadığı evin yaxınlığına düşüb.

Nəticədə Artur Mayakov koma vəziyyətində xəstəxanaya qaldırılıb. Bütün tibbi müdaxilələrə baxmayaraq 13 yaşlı yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Erməni terroru nəticəsində Gəncə şəhərində Artur Mayakovdan başqa daha 4 uşaq dünyasını dəyişib. Ölən uşaqlardan ən kiçiyi 11 aylıqdır. Ümumildə isə Gəncə şəhərinə atılan son raket zərbəsi nəticəsində 15 nəfər dünyasını dəyişib, 50-dən artıq şəxs yaralanıb.

BAKU.WS
VİDEO