Vaqif Sadıqov: "Sabah" oyunu sakit məcrada idarə edərək növbəti mərhələyə yüksələ bilər

Vaqif Sadıqov: Sabah oyunu sakit məcrada idarə edərək növbəti mərhələyə yüksələ bilər
İdman 7

Təmsilçilərimizin avrokuboklara çox iddialı başlamaları sevindiricidir və biz bu yolun uğurla davam etdirilməsinin tərəfdarıyıq. Düşünürəm ki, "Sabah" komandasının da mərhələ keçmək şansları böyükdür.

BAKU.WS xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov "Sabah" klubunun bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyada KuPS komandası ilə keçirəcəyi cavab matçı barədə danışarkən deyib.

O, rəqibin öz azarkeşləri önündə ilk dəqiqələrdən hücuma atılacağını vurğulayıb: "İlk oyunda rəqibin imkanlarını gördük. Buna baxmayaraq, "Sabah" kifayət qədər qol epizodları yarada bildi. Cavab matçında rəqib istər-istəməz önə atılacaq. Komandamız bundan maksimum istifadə edərək mütləq qol vurmalıdır. Bu, oyunu daha sakit məcrada idarə etməyə və istənilən nəticəni qazanaraq növbəti mərhələyə yüksəlməyə imkan verəcək".

Meydançanın süni örtüyü və hava şəraitinin oyuna mümkün təsirinə toxunan mütəxəssis bu amillərin maneə yaratmayacağını qeyd edib: "Təbii ki, müəyyən təsirlər ola bilər, belə məqamlar təsirsiz ötüşmür. Ancaq hesab edirəm ki, çempionumuz bu qarşılaşmaya ciddi hazırlaşıb və həmin amillər aşılmaz maneəyə çevrilməyəcək. Səviyyə baxımından bu cütün favoriti "Sabah"dır və komandamız oyunun sonunda gücünü bir daha sübut edəcək. Hava şəraiti, ot örtüyü və ya azarkeş dəstəyi kimi amillərə baxmayaraq, zəfər yolunda komandamıza inanırıq".

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın qol epizodlarının boşa verilməsi ilə bağlı fikirlərinə də münasibət bildirən V.Sadıqov yaranan imkanlardan maksimum istifadə etməyin vacibliyini qeyd edib: "Mərhələ adladıqca, rəqiblərin səviyyəsi də artır. Sevindirici haldır ki, "Sabah" rəqiblərindən asılı olmayaraq çoxlu qol imkanı yaradır. Əlbəttə, bu üstünlüyü keyfiyyətə və müsbət nəticəyə çevirmək son dərəcə vacibdir. Komandamız I təsnifat mərhələsindəki matçlarda da kifayət qədər qol fürsəti yaxalamışdı. İnanıram ki, cavab qarşılaşmasında da qol vəziyyətləri olacaq və futbolçularımız bu fürsətlərdən maksimum yararlanmağı bacaracaqlar".

Qeyd edək ki, Kuopio Mərkəzi Stadionunda keçiriləcək KuPS – "Sabah" görüşü Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Bakıdakı ilk oyunda "Sabah" 1:0 hesablı qələbə qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər