UEFA və KONKAKAF birgə Millətlər Liqasının yaradılmasını müzakirə edir
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) birgə Millətlər Liqasının yaradılması variantını nəzərdən keçirir.
BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Məlumata görə, belə bir turnirin yaradılması hazırda FIFA prezidenti Canni İnfantinoya qarşı yönəlmiş addım kimi qiymətləndirilir. Buna səbəb isə İnfantinonun dünya çempionatının yayım və digər kommersiya hüquqlarının bir hissəsinin satılması ilə bağlı təklifidir.
Planın reallaşacağı təqdirdə, turnirdə UEFA və KONKAKAF-a üzv olan 96 milli komandanın iştirakı nəzərdə tutulur. Yenilənmiş Millətlər Liqasının ilk mövsümünün 2028-ci ildə keçirilməsi mümkündür.
Planlaşdırılan təqvimə əsasən, qrup mərhələsi payız aylarında, pley-off oyunları martda, final mərhələsi isə iyunda keçirilə bilər. Turnirin iki ildən bir təşkili nəzərdə tutulur.
Yeni formatın hazırkı Millətlər Liqasının strukturuna bənzəyəcəyi bildirilir. Milli komandalar müxtəlif liqalara bölünəcək. Məsələn, A Liqasında Avropadan İspaniya, İngiltərə, Fransa və Almaniya, Şimali Amerikadan isə ABŞ, Meksika və Kanada kimi komandalar mübarizə apara bilər.
Hazırda hər iki konfederasiyada Millətlər Liqasının oyunları milli komandalar üçün nəzərdə tutulan eyni pəncərələrdə keçirilir. Bu amilin də yeni ortaq turnirin yaradılmasını asanlaşdıra biləcəyi qeyd olunur.
Bununla belə, təşkilatda yaranmış ümumi vəziyyət fonunda FIFA-nın belə bir turnirin keçirilməsini təsdiqləyib-təsdiqləməyəcəyi hələlik məlum deyil.
Oxşar xəbərlər
Aslan Kərimov: "Düzü, belə oynayacaqlarını düşünmürdüm"
Futbol mütəxəssisi Aslan Kərimov "Qarabağ"ın avrokuboklarda növbəti mərhələyə keçmək şanslarını dəyərləndirib. Tanınmış mütəxəssis BAKU.WS-ə bildirib ki, komand...