Türkiyə Superliqasında hərəkətli yay: 383 transfer, 327 milyon avro xərc

Türkiyə Superliqasında yay transfer pəncərəsi hərəkətli keçib. Bu il də bir neçə ulduz oyunçu qonşu ölkənin liqasına üz tutub. Xüsusən, "Qalatasaray" və "Fənərbağça" transferlərdə fəallıq göstəriblər. "Beşiktaş", "Başakşəhər", "Trabzonspor" da bir neçə diqqətçəkən keçid həyata keçirib. Beləliklə, artıq indidən demək olar ki, bu mövsüm "Fənərbağça" və "Qalatasaray" Türkiyə çempionu olmaq üçün əsas iddialılardır.
Superliqa klubları bu yay transferlərə çox böyük xərc çəkdilər. Ümumilikdə klublar 383 transfer həyata keçirdilər. Bu keçidlər üçün xərclənən yekun məbləğ isə 327 milyon avrodan artıqdır. Sözügedən məbləğin əsas hissəsi isə məhz "Qalatasaray"la "Fənərbağça"nın payına düşür. Digər klublar daha çox azad agent və ya aşağıödənişli oyunçularla müqavilə imzalayıblar.
Xərclərlə yanaşı, Türkiyə klublarının qazancı da məlum olub. Ümumilikdə 366 futbolçu komandaları tərk edib. Satışlardan yekun qazanc 166 milyon avrodan bir qədər artıq olub.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Kisənin ağzını açan "Qalatasaray"
Superliqada yayın ən aktiv klubu "Qalatasaray" oldu. Son çempionun əsas transferi Viktor Osimhendir. Daha əvvəl komandada icarə əsasında çıxış edən nigeriyalı forvard "Napoli"dən birdəfəlik alındı. Onun üçün "Qalatasaray" 75 milyon avro ödəyib. Bu, Türkiyə futbolu tarixində rekord transfer məbləğidir. İstanbul klubu bununla kifayətlənməyib. Müdafiəyə "Monako"dan Uilfrid Sinqo cəlb olunub. 24 yaşlı sağ cinah müdafiəçisi "sarı-qırmızılılar"a təxminən 31 milyon avroya başa gəlib. Fernando Musleranın gedişindən sonra boş qalan qapı isə Türkiyə millisinin qolkiperi Uğurcan Çakıra həvalə olunub. "Qalatasaray" qapıçı üçün "Trabzonspor"a 27.5 milyon avro verməyə razılaşıb. Bu da Türkiyə Superliqasında meydan oyunçusu olmayan keçid üçün ən böyük məbləğdir.
"Qalatasaray" daha iki ulduz oyunçunu pulsuz cəlb etməyi bacarıb. Onlardan biri Leroy Sanedir. "Bavariya"dan gələn və 32 milyon avro bazar dəyəri olan vinger komandanın hücum potensialını artıracaq. Transfer pəncərəsinin son günündə isə daha bir böyük keçid havayı başa gəldi. "Cim-bom" bu dəfə "Mançester Siti"dən İlkay Gündoğanı heyətinə qatıb.

Yenilənən "Fənərbağça"
"Fənərbağça" da transfer dövrünü aktiv keçirib. Lakin "bülbüllər" "aslanlar" qədər böyük məbləğlər xərcləməyiblər. "Fənər"lə bağlı əsas məqam baş məşqçi Joze Mourinyo ilə yolların ayrılmasıdır. Portuqaliyalı mütəxəssisi kimin əvəz edəcəyi də hələ bəlli deyil. Komandanın əsas transferi isə "Benfika"dan alınan Kərəm Aktürkoğludur. Bu keçid üçün klub 22.5 milyon avro ödəyib. Ümumilikdə səs-küylü transferin komandaya necə fayda verəcəyi maraqla gözlənilir. Komandanın digər transferlərinə gəlincə, "Mançester Siti"dən Edersonun gəlişi qapı xəttindəki problemi həll etməyə hesablanıb. Klub ulduz qolkiper üçün ingilislərə 11 milyon avro ödəməli olub. Hücum xəttinə isə Kərəmdən əlavə daha üç ciddi transfer həyata keçirilib. Burada xüsusən Con Duran diqqət çəkir. Səudiyyə Ərəbistanının "Ən-Nəssr" klubundan icarəyə götürülən kolumbiyalı forvardın komandanın əsas qol silahı olacağı gözlənilir. Ona bu işdə Marko Asensio kömək etməlidir. "Real"dakı oyunu ilə ulduzlaşan ispaniyalı hücumameyilli yarımmüdafiəçi üçün Fransa PSJ-sinə 7.5 milyon avro ödənilib. Avstriyanın "Zaltsburq" klubundan gələn vinger Dorgelos Nene üçün isə klub 18 milyon avrosundan keçib.

"Fənərbağça" müdafiə və yarımmüdafiəni də gücləndirdi
"Fənərbağça" müdafiə və yarımmüdafiə xətlərini də gücləndirib. "Gent"dən 8 milyon avroya alınan Arçi Braunla "Vulverhempton"dan azad agent kimi cəlb olunan Nelson Semedu "arxa cəbhə"nin möhkəmliyinə cavabdeh olacaqlar. Onlara bu işdə PSJ-dən birdəfəlik alınan Milan Şkrinyar köməklik göstərəcək. Orta xətdə isə "Vest Hem"dən icarəyə götürülən Edson Alvares komandanın oyununa keyfiyyət qatmağa çalışacaq.
Ən dəyərli Türkiyə klubu hansıdır?
Transfer dövründən sonra Türkiyə Superliqasında klubların dəyərləri yenilənib. Hazırda heyəti ən bahalı oyunçulardan təşkil olunan "Fənərbağça"dır. Komandanın heyətinin ümumi dəyəri 315 milyon avrodur. "Fənər"i əzəli rəqibi "Qalatasaray" izləyir. "Sarı-qırmızılar"ın oyunçularının ümumi qiyməti 298 milyon avro təşkil edir. "Üçlüy"ü qapayan "Beşiktaş"da bu rəqəm 169 milyon avrodur. Digər klublar arasında 100 milyonluq səddi keçə bilən yoxdur. Mütəxəssislərin əksəriyyəti yekun turnir cədvəlinin də məhz oyunçu keyfiyyətinə uyğun olacağını proqnozlaşdırırlar. "Fənərbağça" və "Qalatasaray" çempionluğa əsas iddiaçılar hesab olunurlar. "Beşiktaş"ın bürünc qazanacağı ehtimal edilirsə, "Başakşəhər", "Trabzonspor" kimi klubların onlara çətinlik yaratmağa çalışacağı ehtimal olunur.
Oxşar xəbərlər
Avropa Kuboku: Azərbaycan millisi tarixində ilk dəfə finala yüksəlib
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda ilk dəfə finala vəsiqə qazanıb. BAKU.WS xəb...
