Şəhid jurnalistlərin Xatirə Turnirinin açılışı olub

Şəhid jurnalistlərin Xatirə Turnirinin açılışı olub
Video
İdman 20

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək keçirilən şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub.

Tədbir Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi ilə təşkil edilib.

Açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Mətbuat Şurasının, Qərbi Azərbaycanın Çəmbərək rayon Ardanış Kənd İcmasının nümayəndələri, iştirakçı komandaların təmsilçiləri, hərbçilər, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bakı Tennis Akademiyasının stadionunda təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan turnirin təşkilatçısı və şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov turnir iştirakçılarını salamlayıb və bildirib ki, bu gün qəhrəman Azərbaycan xalqı Anım Gününü qeyd edir. Məhz bu gün Vətən müharibəsi başladı və möhtəşəm qələbə ilə nəticələndi. Bu tarix həm də Zəfərimizin təməl tarixidir. Təbii ki, qazanılan qələbədə şəhidlərimizin qəhrəmanlıqları heç zaman unudulmayıb və daim yaşayacaq. Məhz bu turnirin təşkili mərd mübarizlərin, o cümlədən şəhid jurnalistlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Ardanış kənd icma sədri, professor Məhəmməd Kərimov ənənəvi xarakter daşıyan turnirin əhəmiyyətindən danışıb və deyib ki, Vətən yolunda canlarından keçən şəhidlərimizin igidliyi hər zaman təqdirəlayiq olub:

"Bu sırada qələmləri ilə şəhidlik zirvəsinə ucalan jurnalistlərin xatirəsi hər zaman yad olunur. Göyçə mahalının Ardanış kəndinin yetirməsi olan Məhərrəm İbrahimov da erməni terrorunun qurbanı olan doqquz media təmsilçimizdən biri idi. O, nümunəvi davranışları ilə hər zaman Vətənə, dövlətə sadiq, öz peşəsinə ləyaqətlə xidmət edən hərbi jurnalist kimi tanınıb. Məhz şəhid jurnalistlərin xatirəsinə həsr olunan bugünkü turnir idman tədbiri olmaqla yanaşı, həm də vətənpərvərlik təbliğ edən, insanları bir-birinə yaxınlaşdıran mühüm təşkilatçılıq işidir. Hər birimiz bütün şəhidlərin, o cümlədən şəhid jurnalistlərin xatirəsini daim əziz tutmalıyıq. Mən icmamız adından yarışın bütün iştirakçılarına uğurlar arzulayıram".

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aqşin Fərəcov şəhidlərə Allahdan rəhmət diləyərək bildirib ki, turnirin təşkilində məqsəd həm şəhidlərimizi yad etmək, həm də idmanımızı təbliğ etməkdir. O, yarışın sağlam rəqabət şəraitində keçməsini, güclü olanın qalib gəlməsini arzulayıb.

Mətbuat Şurasının əməkdaşı İlqar Tağıyev şəhid həmkarlarının xatirəsinə keçirilən futbol turnirinin ənənəvi xarakter aldığını, igid Azərbaycan övladlarının Vətən yolunda xidmətlərinin hər zaman təqdir olunduğunu söyləyib. O vurğulayıb ki, bu turnir qəhrəman insanların unudulmaması, media təmsilçilərimizin timsalında şəhidlərin qəhrəmanlıq nümunələrinin yaşadılması və təbliği baxımından önəmlidir:

"Birinci və İkinci Qarabağ müharibələrində canlarını fəda etmiş insanların xatirəsi hər zaman əzizdir və biz bütün qələbələrimizə görə məhz onlara borcluyuq. Şəhid jurnalistlərin xatirəsinə təşkil olunan bu turnirin iştirakçılarına xətasız, zədəsiz maraqlı oyun nümayiş etdirmək arzulayıram".

Turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov şəhidlərə Allah rəhmət diləyərək, yarış iştirakçılarına uğurlar, güclü olanın qalib gəlməsini arzulayıb.

Azərbaycan Dövlət Himni səsləndikdən sonra yarış açıq elan olunub.

Topa rəmzi ilk toxunuşu təşkilatçı adından Əsgər İbrahimov edib.

Açılış mərasimindən sonra A və B qrupunda iki qarşılaşma baş tutub.

Meydana ilk olaraq "Real TV" və "Baku WS" komandaları çıxıblar.

Görüş televiziya təmsilçilərininin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün 2-ci qarşılaşmasında AzTV AZƏRTAC ilə oynayıb və agentlik təmsilçilərinin qapısından altı cavabsız top keçirib.

Saat 19:00-da və 20:00-da başlayan oyunları AFFA-nın hakimləri Mahir Məmmədov və Vüsal Balaşov idarə ediblər.

Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTV), Baku TV, Real TV, AZƏRTAC, APA, "Yurd Media" agentliklərinin və BAKU.WS portalının informasiya dəstəyi, "Bee Tours", "Mister Tum"un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşlarında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının, həmçinin şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin - Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın qəhrəmanlıq nümunələrini yaşatmaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

İldə bir dəfə təşkil olunan turnirin ilk ilində, yəni 2022-ci ildə altı komanda - "Ardanış", "Göyçə", "Sadaxlı", "Ada Təpə", "Novoivanovka" və "Media" təmsil olunub.

2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı səkkiz olub - "Qərbi Azərbaycan", "Zəngəzur", "Göyçə", "Loru-Borçalı", "İrəvan", "Çəmbərək", "Ardanış" və "Qaraqoyunlu" adı altında mübarizə aparıb. Medianı "Qərbi Azərbaycan" adı ilə AZƏRTAC, "Zəngəzur" adı ilə AzTV təmsil edib.

2024-cü ildə turnirdə 12 komanda - "Ardanış", AzTv, AZƏRTAC, BAKU.WS, "Report" "Nərimanlı", "Veteranlar", "Turan", "Hərbçilər", "Gənclər", "Qoşabulaq" və "Göyçə" adı altında mübarizə aparıb. Yəni medianı dörd komanda təmsil edib.

Bu il - 2025-ci ildə isə turnirdə 12 komanda - AzTV, Baku TV Real TV, "Cəmiyyət", AZƏRTAC, APA, "Yurd Media", Baku.WS, "Vətən", "Veteranlar", "Zəfər 44", "Dəmir Yumruq" adı altında mübarizə aparacaq. Medianı səkkiz komanda təmsil edir.

Turnir hər birində üç komanda olmaqla dörd qrupdan ibarətdir, sentyabrın 27-də başlayıb noyabrın 1-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1 finala yüksələcəklər. Bu oyunlarda iştirak edəcək səkkiz komandadan qalib gələn dörd komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar finalda, məğlublar isə 3-cü yer uğrunda oyunda qarşılaşacaqlar. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq. Xatirə turnirində qalib komandalara, eləcə də "ən yaxşı oyunçu", "ən çox qol vuran", "ən yaxşı qapıçı" və "nümunəvi komanda" nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulur.

İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov "Veteranlar" komandasında çıxış edir. Oyunlar şənbə və bazar günləri (açılış günü şənbə saat 19:00 və 20:00-dan başqa) saat 22:00/23:00-da keçirilir. Komandalar özlərinin idman geyimləri ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcəklər. Final oyunu və bağlanış mərasimi noyabrın 1-də şənbə günü saat 19:00/20:00-da baş tutacaq.

Daha ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Azərbaycan samboçuları III MDB Oyunlarında daha iki medal qazanıblar

Azərbaycan samboçuları III MDB Oyunlarında daha iki medal qazanıblar

Azərbaycan samboçuları III MDB Oyunlarında daha iki medal qazanıblar. BAKU.WS report-a istinadən xəbər verir ki, Əbubəkir Hüseynov (98 kq) və Rəsul Səmədli (+98...

64 İdman 19:40 29 sentyabr 2025

Son xəbərlər