"Sabah" Çempionlar Liqasından nə qədər qazanacaq? - MƏBLƏĞLƏR
2026/27 mövsümündə UEFA Çempionlar Liqasında iştirak edəcək klublara ödəniləcək vəsaitin məbləği açıqlanıb.
BAKU.WS-in məlumatına görə, UEFA-nın liqa mərhələsində iştirak hüququ qazanan 36 klubun hər birinə ilkin olaraq 18,62 milyon avro ödəniləcək.
Azərbaycan çempionu "Sabah" da 2026/27 mövsümündə Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparacağından, təmsilçimizin turnirdən əldə edəcəyi gəlir ən azı 18,62 milyon avro olacaq.
Bu məbləğin 17,87 milyon avrosu ilkin ödəniş, 750 min avrosu isə sonrakı balans ödənişi kimi nəzərdə tutulub.
"Sabah"ın gəliri bununla məhdudlaşmaya bilər. Komanda liqa mərhələsində qələbə qazandığı hər oyun üçün 2,1 milyon avro, heç-heçə etdiyi hər qarşılaşmaya görə isə 700 min avro əldə edəcək.
Bundan başqa, komandaların liqa mərhələsində tutduğu mövqeyə görə də əlavə ödənişlər nəzərdə tutulub. Sonuncu, yəni 36-cı yerdən başlayaraq klublara reytinq göstəricilərinə uyğun bonus veriləcək və bu məbləğ ən yüksək mövqedə qərarlaşan komandalar üçün əhəmiyyətli dərəcədə arta bilər.
Liqa mərhələsini ilk 8 pillədə başa vuran klublar əlavə 2 milyon avro, 9–16-cı yerləri tutan komandalar isə 1 milyon avro qazanacaq. Pley-off mərhələsinə yüksələn kluba daha 1 milyon avro ödəniləcək.
Növbəti mərhələlərdə isə maliyyə mükafatları daha da artır. 1/8 finala yüksələn komanda 11 milyon avro, 1/4 final iştirakçısı 12,5 milyon avro, yarımfinalçı 15 milyon avro, finala yüksələn klub isə 18,5 milyon avro əldə edəcək. Çempion komandanın hesabına isə final mükafatından əlavə 6,5 milyon avro köçürüləcək.
UEFA klublara "value pillar" sistemi üzrə də əlavə vəsait ayıracaq. Çempionlar Liqasında bu məqsədlə ümumilikdə 853 milyon avro nəzərdə tutulub. Sözügedən vəsait klubun UEFA əmsalı, son illərdəki avrokubok çıxışları və təmsil etdiyi ölkənin media bazarındakı göstəriciləri nəzərə alınmaqla bölüşdürüləcək.
Beləliklə, "Sabah"ın Çempionlar Liqasından əldə edəcəyi yekun gəlir komandanın turnirdəki nəticələrindən, tutacağı mövqedən və "value pillar" üzrə payından asılı olaraq 18,62 milyon avrodan xeyli yüksək ola bilər.
Oxşar xəbərlər
Azərbaycanın beş cüdoçusu "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır
Azərbaycanın beş cüdoçusu İsveçrənin Lozanna şəhərində bu gün start götürəcək "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayacaq. BAKU.WS report-a istinadən xəbər...