Rza ölkə xaricindən təklifləri olduğunu gizlətmədi: "Neftçi"nin qapıçısı nə düşünür?
"Milliyə dəvət almaq hər zaman qürurverici hissdir və mən də çox xoşbəxtəm ki, milli komandanın futbolçusuyam. Əlbəttə, milli forma altında çıxış etmək, istər rəsmi oyun, istər yoldaşlıq görüşü olsun, hər zaman dəyərlidir".
BAKU.WS xəbər verir ki, bu sözləri "Neftçi"nin və millimizin futbolçusu Rza Cəfərov İdmanxeber.az saytına müsahibəsi zamanı bildirib. İdmançı ötən mövsüm barədə danışıb və karyerası ilə bağlı sualları cavablandırıb.
- Mövsümü necə dəyərləndirirsən? Sənin üçün necə keçdi?
- Mövsüm mənim üçün qarışıq keçdi. Açığı, daha çox oynamaq və komandama daha çox fayda vermək istəyirdim. İstədiyim qədər şans qazanmadım, bəzi oyunlarda isə daha yaxşı çıxış edə bilərdim. Amma bütün bunlara baxmayaraq, bu mövsüm mənə həm psixoloji, həm də peşəkar baxımdan çox şey öyrətdi. Futbolda belə dövrlər olur və əsas məsələ işləməyə davam etməkdir.
- Ötən mövsüm "Neftçi"də sənə heç şans verilmədi. Mövsümün əvvəlində Samir Abasov Kenan Piriçə güvəndi, səni qapıda görmədik. Buna görə Abasovu tənqid edənlər də oldu. Sən necə düşünürsən, rəqabətdə Piriçə uduzduğunu qəbul edirsən?
- Futbolda rəqabət normaldır. Qərarı həmişə baş məşqçi verir. Samir müəllim həmin dönəmdə Kenan Piriçə daha çox güvənirdi və mən buna hörmətlə yanaşıram. Mən heç vaxt "niyə o oynayır, mən yox?" düşüncəsində olmamışam. Sadəcə məşqlərdə özümü göstərməyə çalışmışam. Kenan da keyfiyyətli qapıçıdır. Ola bilər ki, həmin dönəmdə məşqçi onun oyun üslubunun komandaya daha uyğun olduğunu düşünürdü. Mən isə hər zaman hazır olmağa çalışmışam.
- Əslində "Qəbələ"yə daha çox oynamaq üçün yollanmışdın. Amma orada da sabit çıxış edə bilmədin. Bunun səbəbi nə idi?
- "Qəbələ"də əsas məqsədim daha çox oyun praktikası qazanmaq idi. Başlanğıc yaxşı olsa da, sonradan müəyyən çətinliklər yarandı. Bəzən futbolçunun ritm tapması üçün ardıcıl oyunlar vacib olur. Müxtəlif səbəblərdən tam stabil çıxış edə bilmədim. Amma bunu bəhanə kimi görmürəm. Öz üzərimdə daha çox işləməli olduğumu bilirəm və bu müddətdən də nəticə çıxarmışam.
- "Neftçi"yə qayıdırsan. Komandada Piriç və Emil Balayev var. Onlarla rəqabət aparacaqsan, yoxsa yenidən icarəyə yollanma ehtimalın var?
- Klubla müqaviləm davam edir. İlk hədəfim "Neftçi" ilə yaxşı bir təlim-məşq toplanışı keçməkdir, daha sonrasını zaman göstərəcək. Təbii ki, rəqabətdən çəkinmirəm. "Neftçi" kimi komandada oynayırsansa, hər mövqedə ciddi rəqabət olur. Əsas məqsədim oynamaq və özümü göstərməkdir.
- Sən gənc yaşında "Neftçi"nin kapitanı və əsas qapıçısı idin. Açıq danışsaq, yenidən komandanın əsas qapıçısı ola biləcəyin hazırda nə dərəcədə realdır?
- Futbolda hər şey hər zaman mümkündür. Sadəcə səbirli olub çox çalışmaq lazımdır. İlk növbədə, bayaq qeyd etdiyim kimi, zədəsiz və yaxşı bir təlim-məşq toplanışı keçmək lazımdır. Daha sonrasına isə inanıram ki, qoyduğum hədəflərə maksimum çata bilərəm.
- Ötən mövsüm adın bir neçə klubla hallanırdı. Rumıniyadan "Dinamo", İrandan "Traktor" və Finlandiyadan HİK komandaları səni istəyirdi. Bildiyim qədəri ilə "Neftçi" səni buraxmadı. Bəs sən nə düşünürdün? Ölkə xaricinə getmək istəyirdin?
- Xaricdən təkliflərim həqiqətən var idi və bu, mənə daha da artıq motivasiya verirdi. Çünki hədəflərimdən biri də ölkəmizi təmsil etmək, həm də fərdi karyeram baxımından böyük addım atmaqdı. Həmin ərəfədə klubumla müqaviləm var idi və buna görə də transfer baş tutmadı. Hazırkı halda hədəfim "Neftçi"də möhkəmlənməkdir və daha sonra şans yarandığı təqdirdə ölkə xaricinə çıxmaq istəyirəm.
- Əgər yayda yenə təklif olsa, hansı qərarı verəcəksən?
- Açığı, indi də müəyyən variantlar var. Ancaq hazırkı hədəfim "Neftçi"də möhkəmlənməkdir və daha sonra şans yarandığı təqdirdə ölkə xaricinə çıxmaq istəyirəm.
- Milliyə dəvət alsan da, Ayxan Abbasov sənə şans vermədi. Bu sənə necə təsir etdi? Baş məşqçinin bununla bağlı səninlə söhbəti oldu?
- Milliyə dəvət almaq hər zaman qürurverici hissdir və mən də çox xoşbəxtəm ki, milli komandanın futbolçusuyam. Əlbəttə, milli forma altında çıxış etmək, istər rəsmi oyun, istər yoldaşlıq görüşü olsun, hər zaman dəyərlidir. Bu toplanışda şans qazana bilmədim və bu, normal haldır. Məşqçilər heyətinin öz baxışı və öz düşüncələri var. Mən də buna hörmətlə yanaşıram. Çalışacağam ki, gələcək toplanışlarda şans qazanım. Bunun üçün isə əlbəttə, səbirli olub çox çalışmaq lazımdır.
Oxşar xəbərlər
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda iştirak edən Azərbaycan avarçəkənləri uğurlu çıxış ediblər. BAKU.WS "Report"a...