Ronaldo və Modriç yenidən üz-üzə: 17 il əvvəl futbol tarixində iz qoyan matç
2026-cı il Dünya çempionatının 1/16 final mərhələsində futbolsevərləri maraqlı qarşılaşma gözləyir.
BAKU.WS-in məlumatına görə, Portuqaliya millisinin lideri Kriştiano Ronaldo ilə Xorvatiyanın ulduzu Luka Modriç 17 ildən sonra yenidən böyük turnirin pley-offunda qarşılaşacaqlar.
Bu görüş iki əfsanənin ilk yaddaqalan duelini də xatırladır. Onlar 2009-cu ildə İngiltərə Premyer Liqasında "Mançester Yunayted" və "Tottenhem" arasında keçirilən dramatik matçda üz-üzə gəlmişdilər.
Həmin qarşılaşmada London təmsilçisi ilk hissədə Darren Bent və Luka Modriçin qolları ilə 2:0 hesabı ilə önə keçmişdi. Modriç Aaron Lennonun ötürməsindən sonra fərqlənərək mövsümdəki nadir qollarından birinə imza atmışdı.
Lakin ikinci hissədə Kriştiano Ronaldo səhnəyə çıxdı. O, əvvəlcə penaltidən hesab arasındakı fərqi azaltdı, daha sonra baş zərbəsi ilə komandasını önə keçirdi. Bundan əlavə, Ueyn Runinin qoluna məhsuldar ötürmə verərək matçın əsas qəhrəmanlarından biri oldu.
"Mançester Yunayted" geridönüş edərək oyunu 5:2 hesabı ilə qazandı. Bu qələbə komandanın İngiltərə çempionluğuna doğru mühüm addımlarından biri oldu və Ronaldonun İngiltərədə qazandığı son çempionluğun əsas dönüş nöqtələrindən biri kimi tarixə düşdü. Elə həmin ilin yayında portuqaliyalı ulduz Madrid "Real"ına transfer olundu. Üç il sonra isə Luka Modriç də "Kral klubu"na qoşuldu və onlar birlikdə 12 titul qazandılar.
Portuqaliya ilə Xorvatiya daha əvvəl də böyük turnirin pley-offunda qarşılaşıb. Bu, 2016-cı il Avropa çempionatının 1/8 final mərhələsində baş verib. Həmin oyunun əsas vaxtı qolsuz bərabərliklə başa çatsa da, əlavə vaxtın 117-ci dəqiqəsində Rikardu Kuarejma yeganə qolu vuraraq Portuqaliyanı növbəti mərhələyə çıxarıb.
Həmin turnirdə Portuqaliya daha sonra Polşa və Uelsi mübarizədən kənarlaşdıraraq finala yüksəlib və həlledici oyunda Fransanı məğlub edərək tarixində ilk Avropa çempionluğunu qazanıb.
İndi isə futbol azarkeşləri maraqla gözləyirlər: görəsən, 17 il əvvəlki möhtəşəm duel və 2016-cı ilin uğurlu ssenarisi bu dəfə də Ronaldonun xeyrinə təkrarlanacaq, yoxsa Modriç komandası ilə revanş almağı bacaracaq?
Oxşar xəbərlər
UFC Bakı gecəsi milyonlarla izləyici topladı
Mütləq Döyüş Çempionatının (UFC) sahibi olan "TKO Group Holdings" şirkəti Bakıda keçirilmiş turnirin yekunlarını açıqlayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti...